https://www.youtube.com/watch?v=qA2xG3FZA0M
Artıq uzun illərdir ki, Azərbaycanda iqtisadi sahədə ixrac potensialını artırmaq üçün işlər aparılır. Ancaq hər il tədiyyə balansınının vəziyyəti, idxaldan asılılığın hələ də azalmaması, ölkənin əsasən neft sektorundan asılı olması bu işlərin nə qədər effektiv olmasını araşdırmaya açıq mövzu edir.
Halbuki 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkənin tədiyə qabiliyyətinin yaxşılaşdırılmasının və iqtisadiyyatın ixraca yönəldilməsinin ayrıca vacib tələbi kimi, daha çevik məzənnə siyasətinin həyata keçiriləcəyi, xalis beynəlxalq investisiya mövqeyi üzrə profisitin qorunacağı deyilirdi.
Millət vəkili Əli Məsimli deyir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Buna baxmayaraq, deputatın fikrincə, əldə edilən nəticələr mövcud potensiala uyğun deyil.
Deputat hesab edir ki, sahibkarların da bilavasitə əlverişli maliyyə qaynaqlarına çatımlılığı təmin etmək məqsədilə aşağı faizli kreditlərin verilməsinin dairəsi genişləndirilməlidir.
İqtisadçı Azər Mehtiyev bildirir ki, hökumət nəinki 2020-ci ilədək qoyulan hədəflərə çatmadı, heç bunun niyə baş verməməsinin səbəbləri barədə qiymətləndirmə sənədi də aparmadı.
İqtisadçı qeyd edir ki, hökumət hələ 2022-ci ilin sonları üçün ümumilikdə 22,2 milyard dollarlıq ixracın yalnız 2,7 milyard dollarını qeyri-neft ixracına ayırıb. Azər Mehtiyevin fikrincə, dünya bazarına çıxarılacaq hazır son məhsul baxımından ciddi irəliləyiş müşahidə edilmir.
AbzasMedia məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə sorğu ilə müraciət edib. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əksini tapan tədbirlərin icrasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunan hedeflerə nail olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində davam etdirilməsi nəzərdə tutulur.