Minimum aylıq əməkhaqqı işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Məbləğ dövlət tərəfindən müəyyən ediləndə, ölkənin gəlir və xərclərilə yanaşı, bazar qiymətləri və istehlak səviyyəsi də nəzərə alınır. Azərbaycanda da dövlət iqtisadiyyatda minimum əmək haqqı siyasətindən istifadə edir. Ancaq müəyyən edilən məbləğ əhalinin aylıq istehlak zənbilinə uyğundur, ya yox, bu, böyük sual altındadır. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur. 2006-cı ildə 30 azn olan minimum əmək haqqı 2022-ci il üçün 300 manat təyin olunub. Bildirilir ki, son üç ildə minimum aylıq əmək haqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb, Son artımla birlikdə minimum əməkhaqqı və vahid tarif cədvəli üzrə işləyənlərin əmək haqqının artımı 800 min nəfərə şamil olunacaq. Ancaq bu addım hökumətin nəzərdə tutduğu iqtisadi hədəflərə uyğundurmu?
Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında deyilirdi ki, işləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən edilmiş normativə - orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində addımlar atılacaq. İqtisadçı ekspert Pərviz Heydərov bildirir ki, hökumət qarşıya qoyduğu hədəflərə çatıb və bu sahədə böyük nailiyyətlər əldə edilib.
Həmkarından fərqli olaraq iqtisadçı ekspert Rəşad Həsənov isə bildirir ki, konsepsiyada qeyd olunan bir çox məsələlər kimi minimum əməkhaqqının göstərilən səviyyəyə qaldırılması hədəfinə də çatılmayıb.
AbzasMedia məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə sorğu ilə müraciət edib. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əksini tapan tədbirlərin icrasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunan hedeflerə nail olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində davam etdirilməsi nəzərdə tutulur.
Rəsmi statistikaya baxdıqda isə aydın olur ki, heç də hədəflərə çatılmayıb. Belə ki, 2020-ci ildə orta aylıq əmək haqqı 707 manat 7 qəpik, minimum aylıq əməkhaqqı isə 250 manat olub. Bu da o deməkdir ki, minimum əməkhaqqı orta aylıq əməkhaqqının yalnız 35.3 faizini təşkil edib.