https://www.youtube.com/watch?v=3krSLTBwPVo
Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Nəqliyyatın İntelektual İdarəetməsi haqqında fərmanın ardınca, 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Cənubi Koreya Respublikasının “SK C&C” şirkəti ilə razılıq əldə olunub. Yeni sistemin layihəsi hazırlandıqdan sonra isə icrasına başlanıb.
Azərbaycan nəqliyyatının intelektual, texnoloji beyin mərkəzi olmalı olan bu qurumun təməlqoyma mərasimi də prezidentin iştirakı ilə 2009-cu ildə baş tutub. 2011-ci ildə fəaliyyətə başlayan mərkəz elə həmin il Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə verilib.
2015-ci ildən Bakı Nəqliyyat Agentliyinin nəzarətində fəaliyyət göstərən mərkəzin əsas hədəfi yollarda təhlükəsizliyi və nəqliyyatın normal hərəkətini təmin etmək olub.
NİİM-in xüsusiyyətləri haqqında rəsmi açıqlamada qeyd olunur ki, qurum GPS, şəxsi nəqliyyat, təhlükəsiz ictimai nəqliyyat, sərnişin İstifadəedicisi, nəqliyyat axının monitorinqi, parketmə, ağıllı dayanacaq, ağıllı işıqfor istiqamətində informasiya axınını təmin edir. Ancaq bu istiqamətdə fəaliyyətin müvafiq dövlət proqramında hədəflənən məqsədlərə çatması böyük sual altındadır.
Məsələn, götürək elə layihə çərçivəsindən dayancaqlarda quraşdırılmış və müvafiq maşrutlar barədə məlumatın əldə edilməsini nəzərdə tutan monitorları. Paytaxtın müxtəlif yerlərində apardığımız müşahidələr zamanı sözügedən texnologiyaların artıq işlək olmadığını gördük. Sakinlər həmin monitorların artıq illərdir çalışmadığını deyirlər.
Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə deyir ki, NİİM 2011-ci ildə fəaliyyətə başlayıb və sözügedən monitorlar da həmin sistemin bir hissəsidir. BNA-ya bu mərkəz 2015-ci ildə təhvil verilib və artıq həmin vaxt bu avadanlıqlar demək olar ki, işlək vəziyyətdə deyildi. Hazırda isə mərkəz bildiyiniz kimi DİN-nin balansına verilib.
Mövzu ilə bağlı apardığımız araşdırma zamanı Bakı Şəhər İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə göndərdiyimiz sorğular cavabsız qalıb.