Üç ilə yaxın Almaniyada mühacir kimi yaşamış, 2021-ci ilin noyabrında Azərbaycana deportasiya olunub, iki ay sonra həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimliyə hökm oxunub. İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, o, 6 il azadlıqdan məhrum edilib. AXCP fəalı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə təqsirli bilinib.
Lakin hökmdən əvvəl Pünhan Kərimli son sözündə bu ittihamların saxta olduğunu, siyasi kimliyinə görə həbs olunduğunu bildirib. O deyib ki, tamamilə narkotikdən uzaq adamdır, saxlanılanda da üzərində narkotik maddə olmayıb. Onun sözlərinə görə, hökumət əleyhinə tənqidi fikirlərinə, Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulmasıyla əlaqədar keçirilən etiraz aksiyalarında iştirakına görə cəzalandırılıb:
“Hardadır bir qrup şəxs? Niyə araşdırmadılar kimdən almışam, kimə satacaqdım? Çünki hamısı yalandır. Narkotiki cibimə polislər özləri atdı…”
O, son sözündə məhkəmədən bəraət istəyib. Bir necə dəqiqəlik müşavirədən sonra hakimlər 6 il azadlıqdan məhrumetmə hökmünü elan edib.
İndiyədək Almaniyadan deportasiya edilən 6 nəfər həbs olunub. Onlardan 5-i haqqında cinayət işi başlanıb, 1 nəfər haqqında isə inzibati həbs qərarı çıxarılıb.
Onların hamısı şərləndiklərini deyirlər. Daxili İşlər Nazirliyi isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.
Meydan TV