Baş Prokurorluq fikrə görə həbslərə və xəbərdarlıqlara davam edir

Baş Prokurorluq fikrə görə həbslərə və xəbərdarlıqlara davam edir Foto: Baş Prokurorluq
28 İyul 2022
Mətni dəyiş

Azərbaycanın Baş Prokurorluğu sosial şəbəkələrdə bir sıra tənqidlər yazan şəbəkə istifadəçilərinə və bəzi media qurumlarının rəhbərlərinə qarşı müvafiq tədbirlər həyata keçirib. 

Bu barədə məlumatı Baş Prokurorluq yayıb. 

Məlumatda qeyd olunub ki, sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri İbişbəyli Fikrət Fərəməz oğlu, “miq.az” saytının rəhbəri Alışov Aqil Balabəy oğlu, Şirvan şəhər sakini İsmayıl Elçin Xankərəm oğlu, Lənkəran rayon sakini Cabbarlı Əli Allahverdi oğlu və Xaçmaz rayon sakini Fətəliyeva Nuranə Etibar qızına “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Bundan başqa, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

Bir müddətdir ki, Azərbaycanda insanların fikirlərinə görə prokurorluğa çağırılması və məsuliyyətə cəlb olunması intensiv hal alıb. 
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun