Yardımlı Rayon İcra Hakimiyyəti iyulun 27-də "MİRAY MH" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə maliyyə dəyəri 78401 AZN (78 min 401 manat) olan satınalma müqaviləsi imzalayıb.
Bu barədə məlumat Dövlət satınalmalarının vahid internet portalında yer alıb.
AbzasMedianın məlumatına görə, müqavilədə Füzuli, H.Əliyev, M.Ə.Sabir, S.Vurğun küçəsində müəyyən abadlıq işlərinin görülməsi nəzərdə tutulur.
Ancaq dövlət satınalmalarının rəsmi məlumat bazasında görsənir ki, abadlıq işləri ilə məşğul olan şirkət, həm də tədbirlərin təşkilini həyata keçirirmiş. Belə ki, bu ilin aprelində Masallı Rayon İcra Hakimiyyəti "MİRAY MH" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə maliyyə dəyəri 47994.02 AZN (47 min 994 manat 2 qəpik) olan satınalma müqaviləsi imzalayıb. Müqavilədə rayon ərazisində il ərzində ümumxalq hüzn və bayram günlərində keçiriləcək tədbirlərin təşkili nəzərdə tutulub.
Kommersiya qurumlarının dövlət reyestri məlumat bazasında göstərilir ki, nizamnamə kapitalı 10 AZN olan "MİRAY MH" Məhdud Məsuliyyətli Cəmiyyəti 13 aprel 2016-ci ildə dövlət qyediyyatına alınıb. Qanuni təmsilçisi Qədirov Amid İmran oğludur. Dövlət Vergi Xidmətinin məlumat bazasında 29 iyul 2022-ci ilə olan rəsmi məlumata görə, "MİRAY MH" Məhdud Məsuliyyətli Cəmiyyətin dövlətə 4612.63 AZN (4 min 612 manat 63 qəpik) vergi borcu var.
Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün deyil. Yardımlı Rayon İcra Hakimiyyətinin vergi borcu olan şirkətə tender verməsi isə sual olaraq qalmaqdadır.