Bu il fevralın 24-dən etibarən Rusiyanın Ukraynaya işğal əməliyyatı başlayıb. Şərhçilər əməliyyatların böyük ölçüdə uğursuz olduğunu, Rusiyanın ümumiyyətlə qarşıya qoyduğu hədəflərə çatmadığını bildirsələr də, hücumlar nəticəsində Ukraynada ciddi humanitar böhran yaranıb.
Bununla bərabər, müharibə və sanksiyalar fonunda Avropada da ciddi enerji və ərzaq təhlükəsizliyi problemi yaranıb.
Bəs görəsən, müharibə Ukraynada və ümumilikdə dünyada nəyi dəyişdi? Rusiya təhdidi səngiyəcəkmi? AbzasMedia bu məsələ ilə bağlı siyasi şərhçi Elman Fəttahdan müsahibə alıb.
Müsahibəni olduğu kimi təqdim edirik:
- Elman bəy, Ukrayna-Rusiya müharibəsi hələ tam bitməsə də, demək olar ki, nəticələr aydındır. Sizcə, bu müdaxilə Rusiyaya əvvəlcədən təsvir edildiyi qədər baha başa gəldimi?
- Nəticələrin aydın olması qənaəti ilə razılaşa bilmirəm. Rusiya-Ukrayna müharibəsi dalğalanan məcrada cərayan edir. Bir tərəfdən Ukraynanın hərbi sursat ehtiyatları artır, ordunun şəxsi heyətinin döyüş hazırlığı səviyyəsi yüksəlir, paralel olaraq Rusiya hücumlarına qarşı müqaviməti güclənir. Digər tərəfdən isə Rusiyanın işğal etdiyi Ukrayna torpaqlarının həcmi, xüsusilə də Donbas və Luqansk bölgəsində yavaş sürətlə də olsa artır. Yəni, müharibənin gedişində hələlik nə işğalçı Rusiya, nə də müdafiə olunan Ukrayna ciddi dönüş yarada bilməyib. Bu baxımdan nəticələrin aydın olması fazası daha çox gələcəyin mövzusudur.
Ukraynaya hucum təbii ki, Rusiyaya baha başa gəlir. Söhbət yalnız iqtisadi itkilərdən getmir. Qərbin tətbiq etdiyi meqa sanksiyalar, əlbəttə Rusiya iqtisadiyyatına sağalmaz yaralar vurur. Rusiyanın ödədiyi daha böyük bədəl isə beynəlxalq sferada “qazandığı” işğalçı dövlət imicidir. Ukrayna müharibəsinin nə zaman və necə yekunlaşmasından asılı olmayaraq, Kreml hələ bir neçə qərinə özünün mənfi imici ilə baş-başa qalmalı olacaq. Yəni, Ukrayna müharibəsində Rusiyanın qazanclarından danışmaq üçün hər hansı əsaslar mövcud deyil. Rusiya Ukraynanı məğlub edə bilmir, Krım istisna olmaqla, işğal etdiyi ərazilər Ukraynanın strateji imkanlarını (Qara dənizə çıxış imkanlarını saxlaması, Avropa Birliyi ölkələri ilə uzun sərhədlərə sahibliyi) məhdudlaşdırmır. Əksinə, məhz Ukrayna müharibəsi ucbatından İsveç və Finlandiyanın NATO üzvlüyünə qəbulu prosesinin başlaması Rusiyanın Baltik dənizini itirməsi anlamını gəlir ki, bu, geostrateji iddiaları baxımından rəsmi Moskvanın əvəzolunmaz itkisidir.
- Biz müharibədən əvvəl daha çox enerji böhranı haqda düşünürdüksə, indi əsas məsələ həm də qida böhranıdır. Sizcə, Qərb öz resursları hesabına Rusiyanın enerji və ərzaq təhlükəsizliyi şantajına qarşı immunitet yarada bildimi?
- Rusiyanın yaratdığı ərzaq böhranı hələ yenidir. Görülmüş tədbirlərinin yetərli olmamasını anlayışla qarşılamaq olar. Ancaq enerji şantajı Kremlin Qərbə qarşı uzun müddətdir istifadə etdiyi instrumentdir. Qərb ən geci 2008-ci ildən, Rusiyanın Gürcüstana hucumundan sonra Qərb-Rusiya konfrantasiyasının bir gün mütləq baş verəcəyini görə bilməli və buna hazırlaşmalı idi. Son 10 ildə Qərb mərkəzləri hər gün baş verməsi gözlənilən, Rusiya qaynaqlı enerji defisiti ilə bağlı nəinki yetərli tədbir görməyiblər, əksinə Avropanın Rusiyadan enerji asılılığı keçmişlə müqayisədə daha da artmışdı. Yəni, indiki enerji defisiti, əslində Qərbin öz ayıbıdır. Bu baxımdan, Rusiyanın şantajına qarşı Avropanın enerji immuniteti yeni formalaşmağa başlayır və hələ kövrəkdir. Hər şey Qərb siyasi mərkəzlərinin anti-Rusiya siyasətində nə qədər ardıcıl olub-olmayacağından asılıdır. Yanaşmanın ardıcıllığı həm Qərbin Rusiyanın enerji rersurslarından asılılığının azalma tendensiyasını, həm də Moskvaya tətbiq olunan meqa sanksiyaların uzun müddətli effektinin üzə çıxmasını müəyyən edəcək.
- Biz müharibənin gedişində rusiyalı siyasətçilər tərəfindən keçmiş MDB ölkələri ilə bağlı müxtəlif fikirlər eşidirdik. Sizcə, müharibədən sonra Rusiyanın MDB məkanında təsirləri olduğu kimi qalırmı? Gələcəklə bağlı nə düşünürsünüz, MDB-nin siyasi gündəliyində Rusiya təsirləri artacaqmı?
- Yaxın gələcəkdə Rusiyanın beynəlxalq siyasətdəki yeri, postsovet ölkələrinə təsir imkanlarının həddi Ukrayna müharibəsindən öncəyə və sonraya ayrılacaq. Ukrayna müharibəsi Rusiyanın geopolitik müstəvidəki imkanlarını müharibədən əvvəllə müqayisə olunmayacaq dərəcədə məhdudlaşdırır və bu, artan tendensiya ilə davam edəcək.
Moskvanın dünya siyasəti ilə bağlı ənənəvi taktikası böyük ölçüdə iki instrumentə əsaslanırdı: Birincisi, rus kültürü coğrafiyası kimi təsnif etdikləri regionda (Şərqi Avropanın bir hissəsi, Balkan ölkələri və postsovet ölkələri) yumşaq gücün tətbiqi. Bura Rusiya simpatiyası və postsovet nomenklaturanın Kremldən asılılığı daxil idi. İkincisi, hərb kataloqlarında dünyanın ikinci ən güclü ordusuna sahib ölkə kimi hərbi güc təhdidi. Ukrayna müharibəsi Rusiyanın hərbi gücünün gələcəkdə təhdid üçün işlək instrument olmayacağını ortaya qoydu. Digər tərəfdən, yuxarıda qeyd etdiyim kimi, bu müharibə rəsmi Moskvanın beynəlxalq imicinə sağalmaz yaralar vurur. Əvvəllər Rusiya simpatiyası ilə fərqlənən bir sıra Avropa ölkələri anti-Rusiya koalisiyasına qoşulur. Qazaxıstan prezidenti Tokayevin timsalında postsovet nomenklaturanın da mərkəzdən qaçmağa meylləndiyini açıq müşahidə edirik. Bu, Rusiyanın yumşaq gücünün də Ukrayna müharibəsindən sonra tam iflic olacağını göstərir. Bu baxımdan Rusiyanın postsovet ölkələrinə təsirinin ciddi ölçüdə zəifləyəcəyi gələcəyin açıq həqiqətidir. Heç şübhəsizdir ki, yaxın gələcəkdə biz keçmiş postsovet coğrafiyasında Moskvadan uzaqlaşmanın ikinci və qəti dalğasını müşahidə edəcəyik.
- Qərbin həm rəsmi, həm də qeyri-hökumət təşkilatları Azərbaycan da daxil olmaqla, MDB ölkələrində ciddi fəaliyyət göstərirlər. Qərbli siyasətçilər Rusiya təhdidlərinə qarşı bu ölkələrin dəstəklənəcəyini bildirir. Sizcə, bu hərəkətlilik müsbətə doğru inkişafdırmı? Yoxsa, bu, dövlətlərin Rusiya siyasətinə təsir etməyəcək?
SSRİ dağıldıqdan sonrakı 30 illik təcrübə göstərdi ki, Qərbin postsovet ölkələrinə yönəlik siyasətindəki uğur və uğursuzluq Moskvanın zəifləməsindən və güclənməsindən bir başa asılıdır. 30 ildir qərb institutuları bu regionda demokratikləşməyə dəstək göstərirlər, öz ifadələri ilə desək, “demokratiyaya inandırma yolu ilə islahatlara sövq etmə” siyasəti yürüdürlər. Ancaq nəticə belədir ki, keçmiş sovet respublikalarının əksəriyyəti bu dövr ərzində nəinki demokratikləşmədilər, əksinə, 90-cı illərdə mövcud olan yumşaq avtoritarizm 2000-ci illərdə daha da sərtləşdi. Çünki bu dövr ərzində Kreml daha da güclənmişdi. İndi biz yenidən Moskvanın zəifləyəcəyi dövrə qədəm qoyuruq. Məhz indidən sonra biz Qərb institutlarının bu coğrafiyada effektiv fəaliyyətini izləyə biləcəyik. Ona görə ki, coğrafiyanın inkişaf istiqamətinin müəyyənedici faktoru olan Rusiya 90-cı illərin əvvəlindəki zəif durumuna geri qayıdır.
- Həm Qərb rəsmiləri, həm də Azərbaycan tərəfi yaxın zamanlarda Şərq Tərəfdaşlığı Sazişinin imzalana biləcəyi ilə bağlı açıqlamalar verirlər. Sizcə, Ukrayna müharibəsinin yaratdığı siyasi həqiqətləri də nəzərə alsaq, bu saziş Azərbaycanın siyasi gündəliyində nəyi dəyişəcək? Biz Azərbaycanda ciddi siyasi dəyişikliklər gözləyə bilərikmi?
- Proseslərin hansı istiqamətdə gedəcəyini yuxarıdakı suallara cavablarda qeyd etmişəm. Azərbaycan da istisna deyil. O ki qaldı Azərbaycanda ciddi siyasi dəyişikliklərin baş verib-verməyəcəyinə, mövcud iqtidar, Əliyevlər hakimiyyəti ölkədə sərt avtoritar rejim qurub. Qurduqları ailə avtoritarizmindən asanlıqla imtina edəcəklərini düşünmək sadəlövhlük olardı. Onlar yeni geopolitik şərtlərin diqtəsində xırda kosmetik dəyişiklik etməklə kifayətlənməyə çalışacaqlar. Mən İlham Əliyevin ölkəni evolyusiya yolu ilə dəyişəcəyinə qətiyyən inanmıram. Ümumilikdə, Azərbaycanda dəyişikliklərin ciddi siyasi xarakter alıb almayacağı Azərbaycan cəmiyyətinin mübarizə əzmindən asılı olacaq.