Erməni tərəfi Laçından yan keçən yolun layihələndirilməsi işinə başlayıb: təxminən bir ay əvvəl Kornidzor sakinləri kəndin yaxınlığındakı əkinlərdə layihəçiləri işlədiyini görüblər.
İcma administrasiyasının üzvü Sevada Danielyan onların işə başlamazdan əvvəl kəndlilərin məhsul yığımını bitirməsini gözlədiklərini ehtimal edir.
“Hələlik heç nə yoxdur, çünki insanlar tarlalardan məhsul yığmağa yeni başlayır, bəlkə də bütün kənd təsərrüfatı işlərinin bitməsini gözləyirdilər ki, sonradan öz işləri ilə məşğul olsunlar. Onların dəqiq nə etdiklərini deyə bilmərəm, çəkiliş və ya ölçmə, mən bu işdə ekspert deyiləm”, Danielyan “Azatutyun” radiosuna müsahibəsində deyib.
Ermənistan hökumətinin iyunun sonunda keçirilən iclasında qəbul edilən qərara əsasən, bir sıra yollarda geodeziya və kartoqrafiya işlərinə, o cümlədən M-12 Kornidzor-Dağlıq Qarabağ avtomobil yolunun yenidən qurulmasına pul ayrılır. Layihənin hazırlanmasında bir neçə şirkət, o cümlədən Çannahagits və Artsaxçan institutları iştirak edir.
Ermənistanı Dağlıq Qarabağla birləşdirəcək və Laçın dəhlizini əvəz edəcək yeni yol Ermənistanın Sünik rayonunun Tex və Kornidzor kəndləri, həmçinin Şuşa rayonunun Aşağı və Yuxarı Qaladərəsi kəndlərindən keçərək Dağlıq Qarabağa gedir.
Bu kəndlərin yaxınlığındakı hissələrdə türk və azərbaycanlı inşaatçılar artıq yolun tikintisinin son mərhələsindədirlər, erməni tərəfi isə layihələndirmə işlərinə yenicə başlayır.
"Onlar asfalt örtüyünün birinci qatının döşənməsini tamamlayırlar, yolları birləşdirmək üçün dörd kilometrlik hissə qalıb", - Aşağı Qaladərəsi kəndindəki erməni icmasının rəhbəri Samvel Sarkisyan bildirib.
Onun sözlərinə görə, torpaq işləri başa çatıb, lakin Azərbaycan tərəfinin yayda asfalt örtüyünü başa çatdırmaq ehtimalı yoxdur.
Bundan əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun iyulda hazır olacağını bildirmişdi.
Rəsmi erməni dairələri Laçın dəhlizini əvəz edəcək və Ermənistanı Dağlıq Qarabağla birləşdirəcək yeni yolun tikintisinin vaxtı barədə açıqlama vermir.
Azərbaycan tərəfi bir neçə ay əvvəl Kornidzor yaxınlığındakı Zabux çayı üzərində yuxarı hissəsindən ermənilərin, aşağı hissəsindən isə Laçın rayonu ətrafında hərəkət edən azərbaycanlıların istifadə etməli olduğu körpünün tikintisini başa çatdırıb.