Aprel ayının 28-dən başlayaraq Azərbaycan Respublikasının ərazi vahidi üzrə müəyyən edilmiş yerli icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci ildə imzaladığı fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də nəzərdə tutulan fəaliyyətlə bağlı sorğu ilə müraciət etdik.
Sorğularda qeyd olunan suallara 7 iş günü ərzində cavab istədik. Çünki “İnformasiya Əldə Etmək Haqqında” Azərbaycan Respublikasının Qanunun 24.1-ci maddəsində qeyd olunur ki, İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq cavab verilməlidir.
Qanun tələblərinə baxmayaraq, demək olar ki, əksər icra hakimiyyətləri sorğunu cavablandırmadı və bununla bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsman) müraciət etdik. Çünki “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunun 13.1-ci maddəsində qeyd olunur ki, İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılması da Ombudsmanın səlahiyyətindədir. Ombudsman Aparatı bir sıra sorğular üzrə cavablar alsa da, biz əsasən Masallı rayon və Lənkəran Şəhər İcra Hakimiyyətlərinin cavabından, daha dəqiq desək, cavabsızlığından danışacağıq.
Sorğulara cavab olaraq Lənkəran və Mingəçevir Şəhər İcra Hakimiyyətindən, eyni zamanda İsmayıllı Rayon İcra Hakimiyyətindən bildirilib ki, icra hakimiyyətləri fəaliyyətləri ilə bağlı məlumatları mütəmadi olaraq saytlarında yerləşdirirlər və istədiyimiz informasiyaları ordan əldə etmək olar.
Qubadlı rayon İcra Hakimiyyəti isə qeyd edib ki, Qubadlı rayonunun ərazisi işğaldan azad olunsa da, rayon ərazisində yaşayış bərpa olunmadığına görə, sorğulara cavab vermək imkan xaricindədir. Sorğular hazırda məcburi köçkün həyatı yaşamayan sabit rayonlara aiddir.
Ən maraqlı cavab isə Masallı Rayon İcra Hakimiyyətindən olub. Qeyd olunub ki, “Kütləvi İnformasiyalar Haqqında” Azərbaycan Respublikasının tələbləri var və sorğunu göndərəni jurnalist hesab etmədiklərindən sorğuya cavab verməkdən imtina edirlər.
Bəs qanun nə deyir?
“İnformasiya Əldə Etmək Haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsi deyir ki, Azərbaycanda informasiyanın əldə olunması ancaq bu qanunla tənzimlənir və qanun 5.2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında informasiyanın əldə olunması ilə bağlı bu Qanunun tələblərindən fərqli qaydalar müəyyənləşdirilə bilməz.
“İnformasiya Əldə Etmək Haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə isə dövlət orqanları, bələdiyyələr və ictimai funksiyanı yerinə yetirən hüquqi şəxslər, (o cümlədən publik hüquqi şəxslər) həmçinin normativ hüquqi aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər informasiya sahibi hesab olunurlar.
Qanunun 15-ci maddəsinə görə, sorğuçu ad, soyad, ata adı, ünvan göstərməklə sorğuya cavab istəyə bilər. Sorğuçu barədə əlavə məlumatlar ancaq fərdi məlumatlar topladıqda təqdim edilməlidir.
Yəni, Masallı Rayon İcra Hakimiyyətinin tələbləri qanunla ziddiyət təşkil edir.
Lənkəran və Mingəçevir Şəhər İcra Hakimiyyətindən, eyni zamanda İsmayıllı Rayon İcra Hakimiyyətin informasiyaların saytdan götürülməsilə bağlı tələbləri də qanunla ziddiyyət təşkil edir. Çünki eyni qanunun 2-ci maddəsində qeyd olunur ki, hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.
Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağəliyev deyir ki, icra hakimiyyətləri informasiya sorğularını cavablandırmaq istiqamətində ən geridə qalmış orqanlardır. Onun sözlərinə görə, Media Hüququ İnstitutu bununla bağlı araşdırma da aparıb.
Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağəliyev
“2021-ci ildəki araşdırmamıza görə, icra hakimiyyətləri onlarda olan informasiyaların ümumilikdə 30 faizini hamının əli çatan yerə, yəni, saytlarına daxil edirlər. Bu, olduqca pis göstəricidir. İnformasiya açıqlığından danışmaq üçün informasiya sahibləri onlardakı informasiyanın ən azı 40 faizini öz saytlarına daxil etməlidilər. İH-lərin sorğularla işləməsi də problemlidir. Son illərdə informasiya sorğularına qanunla nəzərdə tutulduğu qaydada (məzmun və vaxt) cavab verilməsi halları qeydə alınmayıb”, - deyə Xalid Ağəliyev bildirib.
Hüquqşünas deyir ki, bu pozuntuların Azərbaycanda məhkəmə işi çərçivəsində də perespektivi olmur.
Onun sözlərinə görə, adətən məhkəmələr bu işlərdə dövlət qurumlarının əleyhinə olan qərarlar çıxartmırlar.
“Ümumilikdə informasiya almaqla bağlı məhkəmə təcrübələrimiz problemlidir. Baxmayaraq ki, qanunvericilik hansı informasiyaların açıq olduğu müəyyən edir və informasiya sahiblərinin üzərinə onları proaktiv açıqlamaq vəzifəsi qoyur, bununla belə məhkəmələr vəzifələrini icra etməyən qurumlardan verilən şikayətləri birmənalı olaraq təmin etmirlər. Məhkəmələrin belə yanaşması informasiya əldə etmək hüququ olanları məhkəmələr şikayət etməkdən çəkindirir”, - deyə Xalid Ağəliyev bildirib.