Baş Prokurorluq Nazim Bəydəmirlinin şikayətlərində göstərilən cinayət iddialarının təsdiqini tapmadığını deyir
Keçmiş deputat, iqtisadçı ekspert Nazim Bəydəmirli prokurorluqdan şikayətçidir. Deyir ki, cinayət barədə prokurorluğa faktları təqdim etsə də, onlar cinayətkarı cəzalandırmaq əvəzinə, məsələni mülki mübahisə kimi təqdim edir və təqsirkarı məsuliyyətdən kənarda saxlayır.
Sabiq deputatın sözlərinə görə, o, prokurorluğa “Avto Qarant” ASC-nin səhmdarı Ədalət Bağırovun qanunsuz hərəkətləri barədə faktlar təqdim etsə də, əvvəl Xətai Rayon Prokurorluğu, indi də Baş Prokurorluq həmin faktlara hüquqi qiymət verməkdən imtina edir.
Nazim Bəydəmirli 2004-cü ildə Dövlət Əmlak Komitəsindən “Avto Qarant” ASC-yə mənsub olan 60 min 579 ədəd adi səhmləri özəlləşdirmə metodu ilə satın alıb, cəmiyyətin əmlakının təxminən 30 faizinə mülkiyyət hüququ əldə edib.
2005-ci ilin noyabrında deputat seçildikdən sonra bu işlə birbaşa məşğul ola bilməsə də, məlumat alıb ki, cəmiyyət daimi zərərlə işləyir, bu səbəbdən dividendlər səhmdarlar arasında bölüşdürülmür. Sabiq deputatın dediyinə görə, araşdırma aparıb və öyrənib ki, cəmiyyətin gəlirləri aylıq 20-22 min arasında olur. Amma bu vəsaitin çox hissəsini cəmiyyətə rəhbərlik edən şəxslər mənimsəyir.
"Ədalət Bağırovun faktiki təkbaşına mənimsədiyi pul vəsaiti milyon manatlarla ölçülür"
“Səhmlərin 61 faizinə 2003-cü ildə şübhəli sahib olmuş Ədalət Bağırovun törətdiyi qanun pozuntuları özünün yaratdığı qrup tərəfindən uzun illərdir ki, davam etdirilir. “Avto Qarant” ASC-nin idarəçiliyini faktiki əlinə alan bu şəxs, mədaxillərin silinməsi, imza və möhürlərin saxtalaşdırılması, cəmiyyətin üzvlərinə hədə-qorxu gəlməsi kimi müxtəlif yollara əl ataraq külli miqdarda gəlirləri mənimsəməklə məşğuldur”.
Keçmiş deputat deyir ki, “Avto Qarant” ASC-nin İdarə Heyətinin sədri olmuş şəxslərdən, digər səhmdarlardan, cəmiyyətin yerləşdiyi ərazidəki icarədarlarla söhbətlərdən məlum olub ki, Ədalət Bağırov onları aldadaraq, aylıq topladığı külli miqdarda vəsaiti gizlədir:
“O, qanuni əsası olmadan ASC-nin cari fəaliyyətini həyata keçirir, icarədə olanların bəzilərinə müəssisədən qovacağı barədə hədələyir, bəzilərilə də “qarşılıqlı anlaşmaya” gedərək, gəlirləri kassaya mədaxil etmədən mənimsəyir. Mühasibi özündən asılı vəziyyətə salan Ədalət Bağırovun faktiki təkbaşına mənimsədiyi pul vəsaiti milyon manatlarla ölçülür”.
Nazim Bəydəmirli iddia edir ki, Ədalət Bağırov müxtəlif media orqanlarında onun haqqında böhtan xarakterli materiallar yayıb. Buna görə onu məhkəməyə verib. Məhkəmə Nazim Bəydəmirlini islah işləri cəzasına məhkum edib.
"Ədalət Bağırovu keçmiş prokuror Yusif İldırımzadə himayə edir"
Sabiq deputat Ədalət Bağırovu vaxtilə Bakının Suraxanı, Nəsimi, sonuncu dəfə də Xətai rayonlarının prokuroru olmuş Yusif İldırımzadənin (o, həm də keçmiş daxili işlər naziri Ramil Usubovun qudasıdır) himayə etdiyini deyir. Onun sözlərinə görə, Ədalət Bağırovla bağlı başlanmış cinayət işləri 3-5 il süründürməçilikdən sonra ört-basdır edilib:
“Ümumi Yığıncaqda əmisi oğlu Aydın Xıdırova xəsarət yetirib, xuliqanlıq etdiyinə görə polis tərəfindən 48 saat saxlanılan Ədalət Bağırovla bağlı prokurorluq məhkəməyə təqdimat verməyib, yenə əməllərini ört-basdır edib. Xətai rayon prokuroru Sərdar İmanov təyin edildikdən sonra yenə də, bu “ənənə” davam edir.
Dəfələrlə səhmdarların ümumi yığıncağı adından saxta protokollar tərtib edib. Həmin protokollar əsasında da, cəmiyyətlə əslində heç bir əlaqəsi olmayan qohumlarını və yaxınlarını cəmiyyətin icra və nəzarət orqanlarına yerləşdirib. Əlbir olub, ümumi mülkiyyətimizdə olan əmlakı satıb talan edirlər. Həmin protokollarla bağlı dəfələrlə məhkəmələrə iddi ərizələri ilə müraciət etsəm də, nəticəsi yoxdur”.
Nazim Bəydəmirli iyunun 7-də Baş prokuror Kamran Əliyevin Şəmkir səfərində onun qəbulunda olub, sənədləri təqdim edib. Amma yenə də nəticənin dəyişmədiyini deyir:
“İndiyə qədər şikayətlərimizin araşdırılmaması belə deməyə əsas verir ki, mən hüquq-mühafizə orqanlarında rüşvət vermədiyimə görə qanuni şikayətlərim ört-basdır edilir”.
Məsələ ilə bağlı Baş Prokurorluq nə deyir?
Baş Prokurorluq isə sabiq deputatın prokurorluğun şikayətlərini obyektiv araşdırmaması, qanunsuz qərarlar qəbul edilməsi haqda iddialarını təkzib edib. Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, tərəflər arasında mübahisələrə mülki qaydada hər üç məhkəmə instansiyasında (birinci instansiya, apelyasiya məhkəməsi və Ali Məhkəmə) baxılıb. Hər iki tərəfin bir-birinə qarşı iddiası üzrə müvafiq qərarlar qəbul edilib.
“Bu məsələlərlə bağlı məhkəmə baxışlarında cinayət xarakterli məlumatlar araşdırılması üçün prokurorluq orqanlarına göndərilməyib. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiyallığı nəzərə alınaraq, müraciətdə göstərilən digər xüsusatlar öz təsdiqini tapmadığına görə Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanması rədd edilib. Göstərilənlər barədə Nazim Bəydəmirliyə və digər maraqlı şəxslərə dəfələrlə məlumatlar verilib, qanunvericiliyin tələblərinə əsasən hüquqları izah edilib”, – prokurorluqdan bildirilib.