Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən fəal Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova Nizami Rayon Polis İdarəsində həyat yoldaşına qarşı təxribatın olduğunu bildirib. Bu barədə o, Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, ötən bazar ertəsi həyat yoldaşını Şüvəlan istintaq təcridxanasından müvəqqəti saxlama təcridxanasına köçürüblər və səbəbini izah etməyiblər.
Müvəqqəti saxlama təcridxanasınd Samirin kamerasına bir nəfəi yerləşdiriblər. O da Almaniyadan deportasiya edilib. "Həmin Almaniyadakı azərbaycanlı siyasi mühacirlərin adlarını yaxşı bilib. O, Samiri koka-kolaya qonaq edib, bundan sonra onun vəziyyəti kəskin şəkildə pisləşib. Samir ürək xəstəliyindən əziyyət çəkir və koladan sonra güclü ürək döyüntüsü başlayıb.
Samirin kamera yoldaşı, narkotik maddəyə görə həbs edilmiş bir məhbus deyib ki, yəqin ki, içkiyə "pati" (sintetik narkotik maddə) qatıblar. Bu narkotik maddəni qəbul etdikdə adam itaətkar olur və ondan məlumat əldə etmək mümkün olur. Yəqin ki, Samirə bu maddəni veriblər ki, o "danışsın " və Almaniyadakə fəallar haqqında məlumat versin. Amma onlar Samirin ürək xəstəsi olduğunu nəzərə almayıblar. Vəziyyəti pisləşdiyindən polis "təcili yardım" çağırmaq məcburiyyətində qalıb. Bundan sonra tez bir zamanda təcridxanaya qaytarıblar", - Aşurova bildirib.
Onun sözlərinə görə, Aşurovun kamerasına gələn adam birdən-birə müxalifət lideri Cəmil Həsənlinin qızının intim kadrlarının yayılması ilə bağlı hadisəni xatırladıb. "İstəyirəm bunu yadında saxlayasan", - kamera yoldaşı əlavə edib.
Görünür, Samiri ailəsinə qarşı təxribatların törədilməsi hədəsilə sındırmaq üçün psixoloji təzyiq edirlər", - Aşurova deyib.
Onun sözlərinə görə, iyulun 28-də Şüvəlan İstintaq Təcridxanasında görüş zamanı həyat yoldaşı bütün bunlar barədə danışıb.
"Adətən telefonla şüşəli arakəsmədən danışırıq. Bu dəfə telefonlar işləmirdi, bir-birimizi dinləmək üçün qışqırmağa məcbur olduq. Hər zamankından fərqli olaraq, Samirin yanına istintaq təcridxanasının əməkdaşı yerləşdirilmışdi. Belə bir hiss vardi ki, onlar Samirin Nizami polisində baş verənlər barədə xəbər verməsinə mane olmaq istəyirdilər", - Nuranə Aşurova bildirib.
Daxili İşlər Nazirliyindən bu barədə şərh almaq mümkün olmayıb.
Samir Aşurov martın 29-da Almaniyadan deportasiya olunub, 20 gündən sonra isə Bakıda polis tərəfindən saxlanılıb. Onu Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham ediblər (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi -xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). O, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.
İyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçiləri Samir Aşurovu "siyasi məhbus" kimi tanıyıblar.
Turan