Bloger Tofiq Şahmuradov barəsində seçilmiş inzibati həbs tənbehindən verilmiş apellyasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə qərar elan olunub.
Qərara əsasən, seçilmiş həbs tənbehinin dəyişdirilməsi üçün əsaslar məyyən edilmədiyi üçün şikayət təmin olunmayıb.
“Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.
Hərbi bloger kimi tanınan Tofiq Şahmuradov ordu ilə bağlı yazılarına görə həbs olunub. İyulun 27-də Nizami Rayon Məhkəməsinin qərarıyla ona 30 sutka inzibati həbs cəzası verilib. Tofiq Şahmuradov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (yayılması qadağan edilən informasiyanın internetdə yerləşdirilməsi) maddəsilə ittiham olunub. Tofiq Şahmuradov haqqında inzibati xətaya dair icraat prokurorluqda başlanıb. Ardınca o, Nizami Rayon Məhkəməsinə aparılaraq, hakim qarşısına çıxarılıb və həbs qərarı verilib.
Tofiq Şahmuradov bir gün öncə “Facebook” hesabından belə bir yazı paylaşmışdı:
“General vəzifəsində oturub, ordu quruculuğu ilə məşğul olmaq əvəzinə, iş-gücü Goranda heyvan çütləşdirmək,doğuzdurmaq olanlar var. Onların əməlləri aşkarlanıb, İnşallah lazımi orqanlar öhdələrinə düşən tədbirləri görəcəklər.
Şəhid haqqında danışdıqlarınızı, danışdırdıqlarınızı sizə keçən deyiləm, biləsiz…”
Tofiq Şahmuradovun orduyla bağlı paylaşımları ictimaiyyətdə birmənalı qarşılanmır. Onun ümumilikdə ordunun içindəki problemləri deyil, ayrı-ayrı məmurların diktəsilə tənqidi paylaşımlar etdiyi haqda fikirlər var. Belə ki, Tofiq Şahmuradov “Tərtər qətliamı” kimi tanınan hadisələrə haqq qazandıraraq, həbs olunub işgəncəyə məruz qaldığını deyən, öldürülən hərbçiləri “vətən xainləri” kimi qələmə verib.
O, həmçinin Tərtər hadisələrini araşdıran jurnalistləri də hədəfə almaqla ictimaiyyəti çaşdırmağa çalışan məlumatlar paylaşması ilə də tanınır.
Ancaq indiyədək o, bu paylaşımlarına görə nə xəbərdarlıq alıb, nə də cəzalandırılıb.