Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədəki məktəbəqədər təhsil müəssisələrində yoxlamalar aparır.
Qurum avqustun 18-də yaydığı açıqlamada 8-12 avqust tarixlərində aparılan monitorinqlərdən bəhs edib. AQTA bildirir ki, 18 uşaq bağçasında ümumilikdə 158 nöqsan müəyyən olunub: "Aşkar edilmiş nöqsanlarla bağlı 17 uşaq bağçası barəsində inzibati tədbir görülüb".
Məlumata görə, monitorinqlər zamanı məktəbəqədər təhsil müəssisələrində qidalanmanın Nazirlər Kabinetinin qida normalarına uyğunluğu yoxlanıb: "…Həmçinin yeyinti məhsullarının tədarük prosesi, saxlanması, daşınması, realizə olunması, markalanması və qablaşdırılmasına dair tələblərə əməl olunub-olunmadığı yoxlanılır".
Açıqlamada monitorinqlərin aparıldığı bağçaların adı çəkilməyib. Məsələyə, hələlik, bağçaların tabe olduğu Təhsil Nazirliyindən münasibət almaq mümkün olmayıb.
2021-ci ilə olan rəsmi məlumata görə, Azərbaycanda 1 min 825 uşaq bağçası var. Onlardan 1 min 692-si dövlətindir, orada 126 mindən çox uşaq tərbiyə alır.
Azadlıq Radiosu