Azərbaycan Ordusunun əsgəri qeyri-döyüş şəraitində həlak olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumatda deyilir ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlu Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat edib.
Hadisə ilə bağlı Baş Prokurorluq açıqlama yayıb. Məlumatda deyilir ki, Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə istintaq tədbirləri davam edir.