Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.
Azərbaycan Müdfiə Nazirliyinin açıqlamasına görə, telefon danışığı Sergey Şoyqunun təşəbbüsü ilə baş tutub.
“Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - məlumatda qeyd edilir.
Bu telefon söhbəti Qarabağda atəşkəsin pozulması xəbərləri fonunda baş tutur. Son günlər Qarabağdakı separatçı rejim Azərbaycan qüvvələrini təmas xəttini pozmaqda ittiham etsə də, Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağda ermənilərin yaşadığı hissələrə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.
Avqustun 1-də Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi Karen Donfrid ilə telefon söhbətində Qarabağdakı erməni silahlı birləşmələrin hələ də çıxarılmamasına toxunmuşdu. Ermənistan rəhbərliyi sentyabradək ordusunu Qarabağdan çıxaracağını, Azərbaycanın qanunsuz hesab etdiyi yerli "özünümüdafiə" dəstələrinin isə qalacağını bildirib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Azadlıq Radiosu