Avqustun 4-də ictimai fəal Rüstəm İsmayılbəyli Baş Prokurorluğa çağırılıb və ona xəbərdarlıq edilib.
Fəalın sözlərinə görə, o, Facebook sosial şəbəkəsində yazdığı statusla bağlı avqustun 4-də Baş Prokurorluğa çağırılıb:
"Atatürkdən gətirdiyim sitata görə, dindirildim. Dünənki bir yazımda "xalqın azadlığı təhlükə altında qalmadığı müddətcə müharibə başlatmaq cinayətdir" deyə Atatürkün çıxışına istinadla cümlə yazmışdım. Həmin cümləni prokurorluq milli təhlükəsizliyə təhdid ola biləcək cümlə sayıb".
İsmayılbəyli qeyd edib ki, bu, Atatürkün sözləridir, ən əsası, yazıda müharibə başlatmağın cinayət olduğu deyilir və üstəlik, Azərbaycan özünü müharibə başladan tərəf hesab etmir:
"Postda da xüsusi olaraq hansı tərəfin müharibə başlatmasını qeyd etməmişdim".
Fəal bildirib ki, ona Prokurorluq haqqında Qanunun 22-ci maddəsinə əsasən, rəsmi xəbərdarlıq verilib.
Baş Prokurorluqdan şərh almaq mümkün olmayıb.