Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
Proqram "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir.
Birdəfəlik ödəmənin məbləği I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat təşkil edir.
Bu məbləğ nə dərəcədə adekvatdır? Həmin şəxslərin sosial müdafiəsi bu illərdə nə dərəcədə qorunub?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Turan-a bildirilib ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək müharibə əlilinə proaktiv qaydada ödəmə təyin olunaraq bank hesablarına köçürülüb.
Qurumdan qeyd olunub ki, elektron sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün elektron qaydada ödəmə təyin edilməyən şəxslər isə xəsarətlə bağlı şəhadətnamənin, qərarın və ya arayışın elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına müraciət etməlidirlər. "Qeyd edilən sənəd aidiyyəti qurum tərəfindən e-sistemə daxil edildikdən sonra aşağıdakı sənədlərlə DOST mərkəzlərinə, vahid əlaqələndirmə mərkəzlərinə və ya DSMF-nin yerli bölmələrinə müraciət etməlidirlər".
Nazirlikdən vurğulanıb ki, birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, yəni reabilitasiya olunduğundan əlillik dərəcəsi hazırda olmayan şəxslərə də verilir. "Eyni zamanda, Birinci Qarabağ müharibəsi əlili vəfat etdiyi halda onların vərəsələrinə də bu vəsaitin verilməsi nəzərdə tutulub. Həmçinin əvvəllər hazırkı məbləğdən az ödəniş almış şəxslərə də ödəniş olacaq".
Bildirilib ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, şəhid ailələrinə dövlət tərəfindən davamlı şəkildə qayğı göstərilir. "2021-ci ildə bu istiqamətdə aparılan islahatlar nəticəsində həmin şəxslərin təqaüdündə orta hesabla 52 faizlik artım oldu. Eyni zamanda, şəhid ailələrinə verilən təqaüddə orta hesabla 70 faizə yaxın artım oldu. Son 4 illik dövrə baxanda görmüş oluruq ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin təqaüd məbləğlərində 2,4-2,7 dəfə artım olub. Müavinətlərə gəlincə, artımın həcmi əlillik dərəcəsindən asılı olaraq 65 faizdən 78 faizədək dəyişib. Eyni zamanda, Milli Qəhrəman təqaüdünün məbləğində də son 4 ildə 38 faizə yaxın artım var. Ümumilikdə bu kəsimə dövlət dəstəyinin 4 il ərzində maliyyələşmə həcminə baxmış olsaq, 65 faizlik artımı görmüş olarıq. 2018-ci ildə həmin kəsimdən olan şəxslərə ödənilən vəsaitin həcmi illik 270 milyon manat idisə, hazırda isə bu məbləğ 450 milyon manata qədər artıb. Eyni zamanda 2018-ci ildə orta hesabla pensiya və müavinətlərin məbləği 428 manat idisə hazırda bu vəsait 827 manatadək artıb".
Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, birdəfəlik ödəniş 1997-ci ilin 2 avqustuna qədər yaralanan şəxslərə veriləcək. "Yəni, kiməsə 1997-ci ilin avqustun 3-də əlillik təyin olunubsa, ona bu birdəfəlik ödəniş düşmür. Çünki o vaxt qanun yox idi. 1994-cü ildə atəşkəs haqqında razılaşma imzalanandan sonra bizdə hərbi sahədə qanunvericilik bazasını təkmilləşdirməyə başladılar. 1997-ci ilin 2 avqustdan bu yana artıq bizdə qanun işləyirdi və əlillik alan, ehtiyata buraxılıb 3 il ərzində əlil olan şəxslərə bu qanun tədbiq olunurdu, sığorta ödənilirdi. Ortada haqsızlıq var idi. Çünki 1997-ci ilin 2 avqustuna qədər xeyli insan var idi ki, müharibə nəticəsində əlillik almışdı, amma onlara sığorta pulu ödənilməmişdi".
Ekspert qeyd edib ki, indi həmin məsələ bu şəkildə həll olunub. "Amma bu sığorta rəqəmlərini hardan götürüblər, necə götürüblər, buna ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aydınlıq gətirməlidir. Niyə məhz 8800, 6600 və 4400 manat? Bunu diqqət və qayğı kimi təqdim edirlər, amma 1990-cı illərdə hərbçilər məzuniyyətə çıxmayanda, verilməli olan hərbi paltarlar verilməyəndə illər sonra bizə bunu ödəyəndə artıq bu pulların dəyəri qəpik quruş oldu. Bu məsələdə də belədir. Bəli, 1-ci qrup əlilliyi olan şəxs üçün 8800 yaxşı puldur, amma bunu vaxtında etmək daha yaxşı olardı. Hesab edirəm ki, 25 il üçün bu rəqəm çox azdır".
Ekspertin fikrincə, əlillik dərəcəsi verilməyən və ya sonra ləğv olunan şəxslər var ki, bu birdəfəlik yardımın verilməsi yenidən həmin şəxslərin narazılığa səbəb ola bilər.
25 il ərzində Birinci Qarabağ müharibəsinin iştirakçılarının sosial vəziyyətinə gəlincə isə, onun fikrincə, bu sənəd imzalanıbsa, deməli həmin şəxslərin çox böyük ehtiyacları var idi. "Müraciətlər çox olub və ona görə də bunu sənəd formasında ərsəyə gətiriblər".