İkinci Qarabağ müharibəsinin iştirakçılarından daha biri özünə qəsd edib. Hadisə avqustun 18-də səhər saat 11 radələrində Samux rayonunda – icra hakimiyyətinin binası qarşısında baş verib.
Meydan TV-nin əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Təbriz Abdullayev sosial problemlər və məmur biganəliyini əsas gətirərək, Samux Rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandırıb.
“Onun vəziyyəti ağırdır. Bakıya – 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilir”, – Meydan TV-yə yaxınları bildirib.
Baş Prokurorluq da Təbriz Abdullayevin intihara cəhd etməsi barədə məlumatı təsdiqləyib. Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, artıq məsələ ilə əlaqədar Samux Rayon Prokurorluğunda araşdırma başlanıb.
Təbriz Abdullayev əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilsə də, sonradan Bakıya - Respublika Yanıq Mərkəzinə göndərilib. Onun bədəninin 60 faizə qədərinin yandığı bildirilir.
İyulun 10-da Sabirabadda Qarabağ qazisi, 35 yaşlı Elvin Cəfərov rayon icra hakimiyyətinin binası qarşısında özünü yandırmışdı. O, Bakıya çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı.