İnsan hüquqlarının müdafiəçisi Anar Məmmədli avqustun 9-da Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağrılıb. DTX-da Anar Məmmədlidən “Pegasus” işi ilə bağlı izahat alınıb.
Bu barədə Anar Məmmədli özü “Facebook” səhifəsində məlumat paylaşıb.
Anar Məmmədli 1 saata yaxın dindirildiyini yazıb:
“İzahatımda “Amnesty İnternational” təşkilatı vasitəsilə təşkil olunan laboratoriyada telefonlarımın yoxlanıldığını, “Pegasus” virusunun yükləndiyini təsdiq edən bildirişin olduğunu bölüşmüşəm”.
Anar Məmmədli bu olayla bağlı Baş Prokurorluq olduğu halda DTX-nın araşdırma aparmasına hüquqi anlam verə bilmədiyini vurğulayıb:
“Amma bu araşdırmanın nəticəsini maraqla gözləyirəm. Eyni zamanda, Baş Prokurorluğun “Pegasus” olayına seyrçi qalmasını hərəkətsizlik kimi qiymətləndirirəm”.
Ötən həftə Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov da DTX-da eyni iş üzrə izahat verib. O da araşdırmanı prokurorluğun aparmalı olduğuna diqqət çəkib:
“İlk ağıla gələn odur ki, araşdırmanı şübhəli orqanın öz üzərinə götürməsi qənaətlərdə ümidverici nəsə göstərmir”.
Akif Qurbanov Meydan TV-yə bildirib ki, dindirmə onun prokurorluğa şikayəti əsasında baş tutub.
O, hansısa yenilik olacağına ümid etmir:
“Məsələ ondadır ki, qarşı tərəf bizdən sübutlar istəyir, amma bizim onları əldə etmək üçün resurslarımız yoxdur. Mən izahatımda da yazdım ki, bunları sübuta yetirəcək imkanlar Dövlət Təhlükəsizlik Xidmətindədir. Amma bu, “Pegasus” açıqlamasından sonra ortaya çıxan məqamlar deyildi, ondan əvvəl də bizim dinlənildiyimizlə bağlı şübhələrimiz vardı. Nəinki telefonlarımızın dinlənilməsi, məkanlarımızın da nəzarətdə olması ilə bağlı. O baxımdan nəyinsə olacağını güman etmirəm. Bütün hallarda ittiham dövlət orqanlarının üzərində qalır, çünki top onlardadır. Biz şikayətimizi etmişik, buyursunlar, hamını inandıra biləcək araşdırma aparsınlar”.
DTX ictimai fəallardan aldığı izahatla bağlı açıqlama verməyib.
Ötən ilin iyulunda Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycan hökumətinin İsrailin “NSO Group”undan “Pegasus” proqramı alaraq jurnalistləri, siyasi fəalları, vəkilləri və digər şəxslərin telefonlarını dinlədiyi barədə iddia ilə çıxış etdi.
Bəyanatın ardınca bir çox jurnalist, vəkillər, siyasilər Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirdilər.