Avqustun 2-də Ermənistan Silahlı Qüvvələri hərbçi Kamiz Mübariz oğlu İbayevi Azərbaycan tərəfinə təhvil verib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.
Qeyd olunur ki, iyulun 23-də saat 13:30-da Qeqarkunik rayonu ərazisində, sərhəddə erməni hərbçiləri Azərbaycan əsgərini aşkar ediblər.
“Sərhədi keçmək səbəblərinin araşdırılması nəticəsində onun itdiyi məlum olub”, - məlumatda deyilir.
İbayevin Dağlıq Qarabağda missiyasını yerinə yetirən Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Azərbaycan tərəfinə təhvil verildiyi bildirilir.
İyulun 24-də Azərbaycan Müdafiə Nazirliyi bir gün əvvəl Ermənistanla sərhəddə Azərbaycan hərbçisinin itkin düşməsi barədə məlumat yayıb.