Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş siyasi mühacir Anar Əliyevin xanımının ölkədən çıxışına qadağa qoyulmasından məhkəməyə şikayət verilib. Bu barədə vəkil Elçin Sadıqov bildirib.
Xatırladaq ki, Almaniyada humanitar əsaslarla sığınacaq almış fəal Anar Əliyev iyulun 8-də xəstə atasını ziyarət etmək üçün xanımı və 2 uşağı ilə birlikdə Azərbaycana gəlib. Lakin iyulun 25-də həbs edilib.
Onun xanımının Azərbaycandan çıxmasına qadağa qoyulub. Bu səbəbdən, o, uşaqların təhsillərini davam etdirməsi üçün geri qayıda bilmir.
Vəkil Elçin Sadıqov fəalın xanımının ölkədən çıxışına qanunsuz qadağa qoyulması ilə əlaqədar Bakı Şəhər Nizami Rayon Məhkəməsinə şikayət verib.
"Biz qadağanın qanunsuz sayılması və onun ləğv edilməsi xahişilə məhkəməyə müraciət etmişik", - Sadıqov Turan-a bildirib. O qeyd edib ki, Anarə Əliyeva nə şahid, nə zərərçəkən, nə də təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmayıb. Şikayətə baxılması sentyabrın 1-nə təyin edilib.
Anarə Əliyeva Turan-a deyib ki, şantaja məruz qalır.
"Nizami Polis İdarəsində həyat yoldaşımı yola gətirməyi, onu “cinayət törətdiyini etiraf etməyə” razı salmağı, həmçinin mətbuata və beynəlxalq təşkilatlara bu məsələ barədə məlumat verməməyi təklif edirlər. Bunun əvəzində ölkədən çıxışa qadağanın götürüləcəyini vəd edirlər.
Mən belə bir qanunsuz sövdələşməni qəti şəkildə rədd etdim. Bundan sonra məni təqsirləndirilən şəxs qismində cəlb edəcəklərilə hədələdilər”, - Anarə Əliyeva deyib.
O hesab edir ki, həyat yoldaşı Azərbaycanda insan haqlarının pozulması ilə əlaqədar Almaniyada keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə təqib olunur.
Hüquq sahəsində ekspert Namizəd Səfərov bu hadisəni Turan-a şərh edərkən Əliyevanın ölkədən getməsinə qoyulan qadağanı əsassız adlandırıb.
"Cinayət Prosessual Məcəlləsinə əsasən ölkədən çıxışa qadağa yalnız təqsirləndirilən şəxsə şamil edilə bilər. Azərbaycanın heç bir qanununda zərərçəkənlərin, şahidlərin və ya şahid qismində cəlb oluna bilən şəxslərin ölkədən çıxışına məhdudiyyətlərin qoyulması ilə bağlı qaydalar yoxdur. Eyni zamanda, Cinayət Prosessual Məcəlləsinə əsasən təqsirləndirilən şəxsin ailə üzvləri onun əleyhinə ifadə vermək üçün şahid qismində cəlb oluna bilməzlər, bu, Konstitusiyaya ziddir”, - Səfərov bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bundan öncə Turan-a bildirib ki, Anar Əliyev konkret cinayət əməli törətməkdə şübhəli bilinərək cəlb olunub, istintaq davam edir”.
O, həbs edilən şəxsin xanımının söylədiklərinin həqiqətəuyğun olmadığını bildirib.