Gürcüstan Baş Prokurorluğu avqustun 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş sədr müavini Soso Qoqaşvilinin 2017-ci ildə Tbilisidə azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanmasında hakimiyyətin iştirakı olduğu haqqında bəyanatını araşdırmağa başlayıb.
Qoqaşvili həmçinin parlament seçkiləri zamanı seçicilərin ələ alınması faktlarından bəhs edib. Prokurorluq bütün bu faktları yoxlamağa başlayıb, xəbəri Gürcüstan KİV-ləri yayıb.
*Muxtarlı "Gürcü arzusu"nun qurucusu Bidzina İvanişvilinin əmri ilə oğurlanıb və zorla Bakıya gətirilib, bu barədə iyulun 26-da Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş sədr müavini Soso Qoqaşvili bildirib.
Qoqaşvili iddia edir ki, bu iş üzrə bütün dəlillər DTX-nin əməliyyat-texniki departamenti tərəfindən məhv edilib.
2017-ci ilin mayında Gürcüstan güc qurumlarının əməkdaşları Əfqan Muxtarlını oğurlayaraq sərhəddə Azərbaycan tərəfinə təhvil veriblər. Sonradan jurnalist Bakıya gətirilib və 2018-ci ilin yanvarında sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq, hakimiyyət nümayəndəsinə müqavimət göstərmək ittihamı ilə altı il müddətinə həbsə məhkum edilib.
(Turan)