Almaniyadan deportasiya olunduqdan sonra həbs edilmiş fəal Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova bu gün BMT-nin Azərbaycandakı nümayəndəliyinin binası qarşısında, daha sonra isə Prezident Administrasiyasının binası qarşısında təkbaşına etiraz aksiyası keçirib. Aşurova bildirib ki, həyat yoldaşı uydurma insan yaralama ittihamı ilə həbs edilib. Sonradan istintaq onu həm də "xuliqanlıqda" ittiham edib.
Onun sözlərinə görə, həyat yoldaşının həbsi barədə siyasi sifariş ölkə rəhbərliyindən gəlir və Samir Aşurovun Almaniyada "Azərbaycandakı rejimə qarşı" etiraz aksiyalarında iştirakı ilə bağlıdır.
O qeyd edib ki, həbsdə həyat yoldaşına psixoloji təzyiq göstərilir və ailə üzvlərinə qarşı təxribatla şantaj olunur. Polis Aşurovanın aksiyasını müşahidə edib, amma ona müdaxilə etməyib.
Samir Aşurov martın 29-da Almaniyadan deportasiya olunub, 20 gün sonra isə Bakıda polis tərəfindən saxlanılıb. Onu Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham ediblər (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi - xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır ziyan vurma). O, 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilər.
İyulun 21-də Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.
Hüquq müdafiəçiləri Samir Aşurovu "siyasi məhbus" kimi tanıyıblar.
Turan