Laçın şəhərində yaşayan erməni sakinlərə bu ayın sonunadək şəhəri tərk etmək barədə göstəriş verilib. Onlar bu haqda dünən axşam icra başçısı və bələdiyyə sədri ilə görüşdə öyrəniblər.
“Prezident Arayik Arutyunyanın əmri ilə biz ayın sonuna qədər getməliyik. Kompensasiya haqqında bir kəlmə də deyilmir. Kompensasiya olmalıdır, amma nə vaxt, necə olacağını bilmirik", deyə Laçın şəhər sakini Anna Markaryan Azadlıq Radiosunun Ermənistan bürosuna müsahibəsində bildirib.
O qeyd edib ki, hara gedəcəkləri və kompensasiya alacaqları ilə bağlı dəqiq söz eşitmədikləri üçün, gedib Xankəndi meydanında oturmağı planlaşdırırlar.
Bildirilir ki, dünən səhər saatlarında Laçın şəhər administrasiyası və Zabux kəndinin meri Ağsaqqallar Şurasının üzvləri ilə birlikdə qondarma Dağlıq Qarabağ "prezidentinin" administrasiyasına dəvət olunub. Təmas xəttində vəziyyətin gərginləşməsi ilə paralel olaraq, Azərbaycan tərəfi Ermənistanla Dağlıq Qarabağ arasında yeni marşrut üzrə yolun təşkilini və Laçın şəhərindən çıxmasını tələb edir.