Avqustun 30-da Masallı Rayon Məhkəməsi hakim Habil Bəhmənovun sədrliyi ilə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin jurnalist Cavid Şirəliyevin xüsusi ittiham qaydasına cəlb edilməsi ilə bağlı verdiyi şikayəti yenidən qəbul etməyib.
Bundan öncə, bu il aprelin 18-də Masallı rayon Məhkəməsi hakim Firdovsi Əliyevin sədrliyi ilə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin jurnalist Cavid Şirəliyevə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayəti qəbul etməyib. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsi Əhəd Abiyevin şikayətinə baxıb və işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarıb. Bu gün, avqustun 30-da Masallı rayon Məhkəməsi işə yenidən baxıb və yenidən şikayətin qəbul edilməməsi barədə qərar qəbul edib.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev “7 GÜN.org” saytında dərc edilən məqalə ilə bağlı jurnalist Cavid Şirəliyevi Cinayət Məcəlləsinin 147-ci (təhqir) və 148-ci (böhtan) maddələrilə xüsusi ittiham qaydasında məhkəməyə verib.
“7 GÜN.org” saytında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin bir aktrisa ilə şəxsi münasibətlərindən bəhs edən məqalə dərc edilib. Məqalədə Abıyevin şəxsi münasibətləri müqabilində aktrisaya Bakı şəhərində mənzil bağışladığı bildirilir.
“7 GÜN. org” saytında dərc edilən digər məqalədə Əhəd Abıyevin mövqeyi yer alıb. İcra hakimiyyəti başçısı məqalədə yazılanları təkzib edib, uydurma adlandırıb.
“Məqalədə adı yazılan aktrisa ilə heç bir tanışlığımız, qohumluğumuz yoxdur. Bu yalan, şər və böhtandır, qərəzli şayiədir,” Abıyev qeyd edib.
Aprelin 18-də Masallı rayon Məhkəməsində keçirilən hazırlıq iclasında hakim öncə tərəfləri dinləyib.
Şikayətçi tərəf şikayətinin əsaslı olduğunu sübut etmək üçün dəlilləri və faktları məhkəməyə təqdim edib.
Bu zaman jurnalist Şirəliyev məqalənin onun tərəfindən yazılmadığını, bunu sübut edən faktın və "7 GUN.org" saytının, bu adda YouTube kanalının ona aid olmadığını bildirib. Jurnalist sübut kimi saytın və YouTube kanalının domeni ilə bağlı çıxarışı sədrlik edənə təqdim edib.
Bundan sonra hakim şikayəti qəbul etməkdən imtina qərarı çıxarıb.
Daşkəsən rayon İcra Hakimiyyəti başçısından məhkəmənin qərarı ilə bağlı münasibət öyrənmək cəhdimiz baş tutmasa da jurnalist Şirəliyev Amerikanın Səsinə deyib ki, adı çəkilən sayt və YouTube kanalının ona aid olmadığı, məqaləni yazmadığı halda Abiyevin hansı səbəbdən məhkəməyə şikayət verməsi təəccüb doğurur.
“Əhəd Abiyevin hansı səbəbdən məni məhkəməyə verməsi sualı mənim üçün açıq qalır. İcra hakimiyyəti başçısı niyə məhz məni məhkəməyə verib?” o, sual edib.
Bundan öncə Cavid Şirəliyev hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. 2017-ci ilin avqustunda cinayət işinə baxış yenidən apelyasiya instansiyasına qaytarılıb. 2018-ci il aprelin 24-də jurnalist azadlığa buraxılıb.
(VOA)