Polis jurnalist Polad Aslanovun 1 saylı cəzaçəkmə müəssisəsində döyülməsi və ona qarşı psixoloji təzyiqlə bağlı şikayət üzrə cinayət işi açmaqdan imtina edib. Bu barədə Turan-a onun həyat yoldaşı Gülmira Aslanova Nizami Rayon Polis İdarəsinin rəsmi cavabına istinadla bildirib.
Polad Aslanov bu il aprelin 1-də cəza evində kamera yoldaşları tərəfindən döyüldüyünü bildirib. Bununla əlaqədar onun həyat yoldaşı bir sıra etiraz aksiyaları keçirib. Aprelin 9-da onu Nizami Rayon Prokurorluğunda qəbul ediblər və araşdırma aparmağı vəd ediblər.
"Şikayətimi Nizami Rayon Prokurorluğundan Rayon Polis İdarəsinə göndəriblər. Orada "araşdırma" aparılıb və "cinayət faktı" aşkar edilməyib, cinayət işi açılmasından imtina edilib", deyə Aslanova qeyd edib.
Müstəntiq Polada hücum faktını inkar edən Penitensiar Xidmətin zabitinin və dörd məhbusun ifadələrinə əsaslanıb.
"Kamera yoldaşı həyat yoldaşımı döyməyibsə, onu niyə 3 günlük karserə salıblar?", deyə Aslanova sual edib.
Bundan başqa, istintaq Poladın bədənində şiddət izlərinin olmaması haqqında məhkəmə-tibb ekspertizasının rəyinə əsaslanıb. Amma həyat yoldaşının iddiasına görə, heç bir ekspertiza keçirilməyib.
O qeyd edib ki, Nizami Rayon Polis İdarəsinin qərarından şikayət veriləcək. Eyni zamanda, Aslanova qeyd edib ki, son vaxtlar həyat yoldaşına qarşı təxribatlara son qoyulub.
Xeberman.com saytının təsisçisi və rəhbəri Polad Aslanov 2019-cu ilin iyununda dövlətə xəyanət ittihamı ilə həbs edilib və 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Fevralın 24-də Ali Məhkəmə onun cəza müddətini 13 ilə qədər azaldıb.