Bakının Nəsimi Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşı, polis serjantı Seymur İmanov Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Gülnarə Rəhimovanın barəsind xüsusi ittiham qaydasında şikayət verib. O, qızın Azərbaycan Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrilə məsuliyyətə cəlb olunmasını tələb edir.
Bu maddələrin hər biri 6 ayadək azadlıqdan məhrumetmə də daxil olmaqla, cəza nəzərdə tutur.
Şikayətə avqustun 11-də Rəhimovanın Facebook sosial şəbəkəsində dərc olunmuş paylaşımı səbəb olub.
İyulun 20-də Nazirlər Kabinetinin qarşısında “Sərhədləri açın!” tələbilə keçirilən aksiya zamanı Rəhimovanı “İçərişəhər” metrostansiyasının yaxınlığında saxlayıblar. Qızın dediklərinə görə, o, özü ilə birlikdə 41-ci polis bölməsinə aparılan Əziz Məmiyevin orada döyüldüyünün şahidi olub.
Hələ o zaman bu barədə Facebook-da yazıb.
Avqustun 11-də isə Rəhimova Məmiyevin döyülməsində iştirak edən serjant İmanovun fotosunu paylaşıb.
Rəhimova hesab edir ki, onun yazısında nəşrində təhqir və ya böhtan olmayıb.
“Bu şikayətdə məqsəd etiraz aksiyalarında iştirak etdiyimə və hökuməti tənqid etdiyimə görə mənə təzyiq göstərməkdir”,- Rəhimova Facebook səhifəsində yazıb.
“Müdafiə xətti” hüquq- müdafiə təşkilatı Rəhimovanın işini nəzarətə götürüb.
“Müdafiə xətti” qeyri-hökumət təşkilatının üzvü Zəfər Əhmədovun sözlərinə görə, Rəhimovanın yazısında təhqir və ya böhtan əlaməti yoxdur.
Şərhlərin məzmununa görə isə postu dərc edən istifadəçi məsuliyyət daşımır", - Əhmədov Turan agentliyinə bildirib.
Xüsusi ittihamçı İmanovdan şərh almaq mümkün olmayıb.
Gülnarə Rəhimova etiraz aksiyalarında fəal iştirakı ilə tanınır, bu səbəbdən dəfələrlə saxlanılıb və cərimələnib.
(Turan)