“Azərbaycan Avropa Hərəkatı“nın, eləcə də “No Border Travel Agency” MMC-nin rəhbəri, həbsdə olan ictimai fəal Ramin Hacılı onun işinə baxan hakimlərdən narazıdır. Onun işi Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrlik etdiyi, Səbuhi Hüseynov və Zeynal Ağayevdən ibarət hakimlər kollegiyası tərəfindən araşdırılır.
Avqustun 24-də keçirilən məhkəmə iclasında Ramin Hacılı yenidən hakimlər kollegiyasına etiraz verib. O bildirib ki, işinə obyektiv baxılmır: “Əgər obyektiv olsaydınız, heç bir mötəbər sübut olmayan bu cinayət işini icraata götürüb baxmazdınız. İttiham aktı yalanlar, saxtakarlıqlardan ibarətdir”.
Prokuror bildirib ki, etiraz əsassızdır. Dövlət ittihamçısının sözlərinə görə, hakimlərə etirazla bağlı qanunda nəzərdə tutulan hallar Ramin Hacılının etirazında yoxdur.
Məhkəmə də etirazın baxılmamış saxlanmasına qərar verib. Hakimlər xatırladıb ki, bir müddət öncə də Ramin Hacılı eyni məzmunlu etiraz vermiş, lakin etirazını əsaslandırmamışdı: “O zaman da etiraz qanuna zidd yazıldığına, Cinayət Prosessual Məcəllənin 109-cu maddəsinin tələblərinə uyğun olmadığına görə baxılmamış saxlanmışdı. Etirazda konkret əsaslar göstərilməyib”.
Məhkəmədə şahid kimi Ramin Hacılının məktəb yoldaşı Eldar Muxtarov dindirilib. O bildirib ki, üç dəfə Azərbaycanda burun əməliyyatı keçirib, lakin həkimlərin səhlənkarlığıyla üzləşib, əməliyyatlar uğursuz olub. Bu üzdən Fransaya gedib, orada əməliyyat olunmaq istəyib. Viza almaqda Ramin Hacılı ona dəstək verib. Onun sözlərinə görə, dəstək də səfirliyə təqdim olunan sənədlərin hazırlanmasından ibarət olub.
Dindirmə zamanı məlum olub ki, Eldar Muxtarovun bir şirkətdə qrafik-dizayner işləməsi haqda arayış təqdim olunub. Amma Eldar Muxtarov belə bir işdə heç vaxt çalışmadığını, sadəcə, səfirliyə təqdim etmək üçün arayış hazırlandığını deyir.
Şahid Ramin Hacılıdan heç bir şikayət və tələbi olmadığını vurğulayıb: “Mən yolunu bilmirdim, Ramin mənə kömək elədi. Cəmi 300 manata yaxın xərcim çıxdı. O da sığorta, viza rüsumu və başqa xərclərə. Raminin özünə pul verməmişəm”.
Məhkəmədə məlum olub ki, bir sıra şahidlərə dəfələrlə çağırış göndərilsə də, onlar gəlmirlər. Hətta məhkəmə onların gətirilməsi üçün polis orqanlarına da müraciət edib. Məlum olub ki, həmin şəxslərdən bəziləri ümumiyyətlə, ölkədə yoxdur. Aralarında Moskvada, Almaniyada olanlar da var.
Ramin Hacılı işdə adı olan şahidlərin məhkəməyə gətirilib dindirilməsini tələb edib. Hakimlər isə onların istintaqdakı ifadələrinin elan olunmasını yetərli hesab edib. Ramin Hacılının etirazına baxmayaraq, sözügedən şahidlərin ifadələri elan olunub.
Bununla belə, hakim deyib ki, əgər müdafiə tərəfi özü həmin şahidlərdən hansılarınsa məhkəməyə gətirilməsinə nail ola bilsə, onları dindirəcəklər.
Bu iş üzrə məhkəmə prosesi avqustun 31-də davam edəcək.
İttihamda göstərilib ki, viza almaq prosesində Fransa, Macarıstan, Latviya və başqa ölkələrin Azərbaycandakı səfirliklərinə həmin şəxslərin iş yeri, bankda vəsaiti haqda saxta sənədlər təqdim olunub. Ramin Hacılı müxtəlif şəxslərdən pul alıb, onları aldatmaqda təqsirləndirilir.
Onunla birlikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı və başqalarının işi istintaqın gedişində ayrılıb və daha öncə məhkəməyə göndərilib. Onların işinə də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində başqa hakimlər kollegiyası baxır. Lakin onlar həbsdə deyil.
Ramin Hacılı və digərlərinin Almaniyadan deportasiya olunandan sonra prokurorluqda dindirilən vətəndaşların ifadələri əsasında cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.
Ramin Hacılı illər öncə “Dalğa” Gənclər Hərəkatının sədri olub, Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub. O, 2017-ci ilin oktyabrında saxta sənəd hazırlama ittihamıyla məsuliyyətə cəlb olunub. Nəsimi Rayon Məhkəməsinin hökmüylə şərti cəza alan Ramin Hacılı ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham edilib. O, 2018-ci ilin yayında üzərində şərti cəza olduğuna görə sərhədi qanunsuz yolla keçməyə cəhddə təqsirləndirilərək saxlanılıb. Dövlət Sərhəd Xidmətinin o zaman yaydığı məlumatda bildirilirdi ki, Ramin Hacılı 250 min manata yaxın borcu olduğunu, xaricə gedib işləyərək, borcları qaytarmağa çalışdığını deyib. O bildirib ki, bu səbəbdən Gürcüstana keçib, oradan da Avropa ölkələrinə getmək istəyirdi.
O, sonuncu dəfə 2021-ci ilin iyununda məsuliyyətə cəlb edilib.
Ramin Hacılı özünü yalnız rəsmi iş yeri olmayan şəxslər üçün saxta sənəd hazırlamaqda təqsirli bilir. Deyir ki, özünün və ailəsinin güzəranını təmin etmək üçün turizm sahəsində fəaliyyət göstərirdi. Xaricə səyahət etmək üçün şirkətə müraciət edən şəxslərin bir çoxunun rəsmi iş yeri olmurdu. O da tanışlarından xahiş edib ki, rəhbərlik etdikləri qurumlarda həmin şəxsləri qeydiyyata alıb, arayış versinlər.
Meydan TV