“Azərbaycan Avropa Hərəkatı”nın, eləcə də “No Border Travel Agency” MMC-nin rəhbəri, hazırda həbsdə olan ictimai fəal Ramin Hacılının məhkəməsi olub.
Avqustun 17-də baş tutan prosesdə əsas müzakirə olunan məsələ Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) adından saxta arayışların hazırlanması iddiaları olub.
Şahidlər çıxışlarında müəyyən məbləğ müqabilində onlara Avropa ölkələrində sığınacaq almağa kömək vəd olunduğunu deyiblər. Bildiriblər ki, bu məqsədlə onlara AXCP adından saxta arayışlar verilib.
Ramin Hacılı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Bugünkü məhkəmə iclasında dindirilən şahid Səlim Ağayev Ramin Hacılıya yaxın qohumuna Fransa səfirliyindən viza almaq üçün müraciət etdiyini deyib. Şahid əlavə edib ki, Ramin Hacılı müəyyən məbləğ pul müqabilində sənədləri hazırlayaraq, Fransa səfirliyinə göndərib. Lakin səfirlik həmin şəxsə imtina cavabı verib.
“Bir müddət Ramin Hacılıdan pulumu geri istədim. Lakin pulum o həbs edildikdən sonra qaytarıldı. Həmin dövr onun işi üzrə istintaq gedirdi”.
Digər şahid Nurlan Məmmədov isə deyib ki, 2015-ci ildə Almaniyaya getmək istəyib. O da viza dəstəyi üçün Ramin Hacılıya müraciət edib. Ramin Hacılı bunun müqabilində ondan 9 min manat istəyib:
“5 min manatını verdim. Ramin Hacılı sənədləri hazırlayıb təqdim etdi. Amma səfirlik viza vermədi. Sonra Ramin Hacılı həmin pulu mənə hissə-hissə qaytardı”.
Şahid təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını söyləyib.
Nurlan Məmmədov istintaqda dindirilərkən Ramin Hacılının ona Almaniyada oturum ala bilməsi üçün AXCP arayışı düzəldəcəyinə söz verdiyini deyib. Hakim ona bu haqda sual verib:
“Bu arayışı Ramin özü yox, Almaniyada olanlar düzəldəcəkdi. Ramin deyirdi ki, Almaniyada bu işlə məşğul olanlar var”.
Ramin Hacılı şahidin bu dediklərini təsdiqləyib. Bildirib ki, istintaq dövründə müstəntiq çox çalışıb ki, ölkədən gedənlər üçün AXCP adından saxta arayışları onun düzəltdiyi görüntüsü yaratsın:
“Belə şey olmayıb. Mən bu adama saxta arayış təklif etməmişəm. Sadəcə söhbət əsnasında demişəm ki, Almaniyada bu işlə məşğul olan adamlar var. Bunu tək mən yox, hamı deyir. Konkret ad çəkib deməmişəm ki, mənim adımdan filankəsin yanına get, o düzəltsin…”.
Məhkəmədə məlum olub ki, prosesdə dindiriləcək xeyli şahid qalıb. Onlara məhkəməyə çağırış göndərilib, lakin gəlməyiblər.
Ramin Hacılı həmin şahidlərin də məhkəmədə dindirilməsini istəyib və onların haqqında məcburi gətirilmə qərarı çıxarılması barədə vəsatət qaldırıb.
“Gəlməyənlər arasında elə şahidlər var ki, istintaqda mənim əleyhimə ifadə veriblər. Mən onları burada görmək istəyirəm. Gəlsinlər, o sözləri üzümə desinlər. Gəlmirlərsə, məhkəmə məcburi gətirsin…”, – təqsirləndirilən ictimai fəal tələbini səsləndirib.
İş üzrə məhkəmə prosesi avqustun 24-də davam edəcək.
Ramin Hacılıya qarşı ittihamda göstərilib ki, viza almaq prosesində Fransa, Macarıstan, Latviya və başqa ölkələrin Azərbaycandakı səfirliklərinə həmin şəxslərin iş yeri, bankda vəsaiti haqda saxta sənədlər təqdim edib. O, müxtəlif şəxslərdən pul alıb, aldatmaqda təqsirləndirilib.
İctimai fəalla birlikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı və başqalarının işi istintaqın gedişində ayrılıb və daha öncə məhkəməyə göndərilib. Hazırda onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa hakimlər kollegiyası baxır. Lakin həmin şəxslər həbs edilməyib.
Ramin Hacılı və digərlərinin Almaniyadan deportasiya olunandan sonra prokurorluqda dindirilən vətəndaşların ifadələri əsasında cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.
Ramin Hacılı illər öncə “Dalğa” Gənclər Hərəkatının sədri olub, Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub. O, 2017-ci ilin oktyabrında saxta sənəd hazırlama ittihamıyla məsuliyyətə cəlb olunub. Nəsimi rayon Məhkəməsinin hökmüylə şərti cəza alan Ramin Hacılı ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham edilib. O, 2018-ci ilin yayında üzərində şərti cəza olduğuna görə sərhədi qanunsuz yolla keçməyə cəhddə təqsirləndirilərək saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) o zaman yaydığı məlumatda bildirilirdi ki, Ramin Hacılı 250 min manata yaxın borcu olduğunu, xaricə gedib işləyərək, borcları qaytarmağa çalışdığını deyib. Bu səbəbdən Gürcüstana keçib, oradan Avropa ölkələrinə getmək istədiyini söyləyib.
O, sonuncu dəfə 2021-ci ilin iyununda məsuliyyətə cəlb edilib.
Ramin Hacılı özünü yalnız rəsmi iş yeri olmayan şəxslər üçün saxta sənəd hazırlamaqda təqsirli bilib. Özünün və ailəsinin güzəranını təmin etmək üçün turizm sahəsində fəaliyyət göstərdiyini deyib. Xaricə səyahət etmək üçün şirkətə müraciət edən şəxslərin bir çoxunun rəsmi iş yeri olmadığından tanışlarından xahiş edib ki, rəhbərlik etdikləri qurumlarda həmin şəxsləri qeydiyyata alıb, onlara arayış versinlər.
Meydan TV