Bu günlərdə AbzasMediaya müraciət edən Vüsalə Nəzərova bildirib ki, o, keçmiş həyat yoldaşından ödənilməli olan alimenti ala bilmir və müvafiq icra orqanları məsələyə ciddi yanaşmır.
Onun sözlərinə görə, bu işə məhsul olan icra məmuru ilə dəfələrlə əlaqə saxlasa da, ortada ciddi nəticə yoxdur.
AbzasMedia Vüsalə Nəzərovanın müraciətini təqdim edir.
“5 oktyabr 2019-ci ildə 4 saylı “Asan Xidmət”də Şərifli Babək Fəxrəddin oğlu ilə rəsmi nikaha daxil olmuşam. Ancaq müəyyən səbəblərdən evlilik davam etmədi. Mən həmin dövr hamilə olduğum üçün rəsmi boşanma mümkün olmadı, ancaq hamiləlik yekunlaşdıqdan sonra, 9 mart 2021-ci ildə rəsmi şəkildə boşandıq.
Ödəniləcək aliment məbləği 175 manat təyin edildi. Ancaq aliment təyin edildiyi gündən etibarən Şərifli Babək Fəxrəddin oğlu heç bir ödəniş həyata keçirməyib. Bununla bərabər, onun bizə rəsmi sənədlərlə təsdiq olunan 5200 AZN ayrıca borcu var ki, müddət bitsə də, o borcla bağlı da ödəniş yekunlaşmayıb. Alimentlə bağlı işin icrası Göyçay Rayon İcra Şöbəsiinin əməkdaşı Məmmədov Elşən Rövşən oğluna tapşırılsa da, həmin əməkdaş işin icrasında ciddi yanaşmadı.
Bununla bağlı, prezidentə, Ədliyyə Nazirliyinə və digər qurumlara rəsmi müraciət etdikdən bir müddət sonra icraçı Elşən və Elçin adlı polis əməkdaşları mənimlə əlaqə saxlayıb əmin etdilər ki, Babək alimenti ödəyəcək.
Bundan sonra da reaksiya olmayanda müraciətləri davam etdirdim və Elçin adlı polis əməkdaşı zəng etdi ki, Babək saxlanılıb. Ancaq sonradan məlum oldu ki, o, 5-10-20 manatlıq yalan çeklər göstərərək ödəniş etdiyini bildirib. Buna görə sərbəst buraxılıb. İcraçı deyir ki, hardan bilək? İnandıq. Necə inanmaq olar buna? 5-10 manat da aliment ödənişi olar heç? Hətta çeklərin özünü də yox, solmuş halda nə vaxtsa çəkilmiş şəkillərini göstərib.
Bir müddət işdən səs-soraq olmadı. İcraçı ilə əlaqə saxlayıb bildirdim ki, aliment necə oldu? Uşağı həkimə aparmalıydım. Bundan sonra Babək çətinliklə də olsa 150 manat göndərdi icraçının kartına, o da mənə. Bundan sonra ümumiyyətlə işə ciddi yanaşılmadı daha. Hər dəfə icraçı ilə əlaqə saxlayanda nə mesajlara, nə də zənglərə cavab vermirdi. Oxumadığı halda yazıb işə ciddi yanaşmasını xahiş edirdim, yenə də bütün müraciətlər cavabsız qalırdı.
Hazırda ödənilməyən 2825 manat pul var və icraçı yenə də mənim müraciətlərimə reaksiya vermir, işə ciddi yanaşmır”, - deyə Vüsalə Nəzərova bildirib.
AbzasMedia məsələ ilə əlaqədar iş üzrə məhsul şəxs, Göyçay Rayon İcra Şöbəsinin nümayəndəsi Məmmədov Elşən Rövşən oğlu ilə əlaqə saxlayıb.
İcraçı bildirib ki, hər iki tərəf Bakıda yaşadığından işə baxmaq çətindir, buna görə də, iş hazırda şəxslərin yaşadığı ərazi üzrə icra şöbəsinə göndərilib. Ancaq ərazi üzrə icra şöbəsindən bildirilib ki, onlara belə iş daxil olmayıb və Şərifli Babək Fəxrəddin oğlu Göyçay Rayon qeydiyyatında olduğu üçün işin Bakıya göndərilməsi qanunla mümkün deyil.
Mövzu ilə bağlı Babək Şəriflinin də münasibətini öyrənməyə çalışsaq da, o, suallarımızı cavabsız qoymağı seçdi.