Siyəzən və Şabranın dağlıq-meşəlik ərazilərində başlayan və günlərdir ki, davam edən yanğınlar söndürülüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında belə deyilir.
Bildirilir ki, yanğınlar nəticəsində təxminən 40 hektar meşə və meşəətrafı sahə yanıb.
Ölkənin Şimal bölgəsindəki meşə yanğınları isə hələ də davam edir.
FHN əlavə edir ki, Şimal regionundakı yanğınların söndürülməsi ilə bağlı işlər davam etdirilir.
Nazirlik bundan öncə yaydığı məlumatda bildirirdi ki, Siyəzənin Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidəki yanğın nəzarətə götürülüb.
Nazirlik yanğınsöndürmə işlərinin mürəkkəb dağlıq relyefdə və çətin şəraitdə həyata keçirildiyini, bundan başqa, isti və küləkli hava şəraitinin yanğın ocaqlarının tam söndürülməsinə mane olduğunu qeyd edirdi.
“Yanğını söndürmə tədbirlərinə FHN-in müvafiq qüvvələrinin 200 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər cəlb olunub”, – deyə açıqlamada qeyd olunurdu.
Məlumatda Qubanın Qoşabulaq kəndi yaxınlığında baş verən yanğının da nəzarətə alındığı bildirilir.
FHN-nin açıqlamasında bildirilir ki, avqustun 15-dən Şimal regionunda başlayan yanğınlar nəticəsində indiyə qədər təxminən 5 min hektar ərazi yanıb: “Yanğınsöndürmə işləri davam etdirilir”.
Yanğının avqustun 15-də Şabran rayonunun Xəlfələr kəndində, əkin sahəsində başladığı deyilir.
Bundan sonra alovlar sürətlə rayonun Dağbilici, Mumlu, Zöhramlı kəndlərinə yayılıb.
Meşə yanğınları Şabranın Dağ Bilici kəndində 7 ailənin əmlakına ciddi zərər vurub.
Bir ev tamamilə yanıb, çox sayda ev heyvanı tələf olub.
10 kəndin əkin sahələri isə alovlar içində qalıb.
Meydan TV