Xarici İşlər Nazirliyinin Kollegiyası "Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları"nı təsdiqləyib.
Sənəddə qeyd edilir ki, xarici media nümayəndələrinin akkreditasiyası "Media haqqında" Qanun, müvafiq dövlətlərarası müqavilələr və bu nazirliyin qaydaları ilə tənzimlənir.
"Media haqqında Qanuna əsasən xarici media nümayəndələrinin Azərbaycanda akkreditasiyası Xarici İşlər Nazirliyi (XİN) tərəfindən həyata keçirilir.
Qanunda deyilir ki, Media Reyestrinə daxil edilmiş media nümayəndələrinin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin media nümayəndələrinə Azərbaycanda da eyni məhdudiyyətlər qoyula bilər.
Azərbaycan Xarici İşlər Nazirliyi xarici media nümayəndələrinin akkreditasiyasından imtina da edə bilər. Belə ki, təqdim edilmiş sənədlər XİN-in qaydalarına uyğun olmadıqda, saxta və ya yanlış məlumat təqdim edildikdə, xarici media nümayəndəsi Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycanın ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda, xarici media nümayəndəsinin Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə akkreditasiyadan imtina edilir.
Akkreditasiya haqqında müraciətlərə 30 gün ərzində baxılır.