Zelenski Rusiya ilə danışıqlar üçün yeganə şərti açıqlayıb

Zelenski Rusiya ilə danışıqlar üçün yeganə şərti açıqlayıb
19 Avqust 2022
Mətni dəyiş

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreşin iştirakı ilə üçtərəfli formatda görüşdən sonra qeyd edib ki, Rusiya ilə dialoq yalnız işğalçı qoşunların Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkün olacaq.

Bu barədə o, avqustun 18-də Lvovda görüşdən sonra bildirib.

Bununla yanaşı, Türkiyə prezidentinin bəyan etdiyi kimi, görüşün nəticələrinə görə, həm Zelenski, həm də Quterreş Ukraynada müharibənin danışıqlar masası arxasında başa çatdırılması ilə razılaşırlar.

“Əsas məsələ danışıqlar masasına gedən yolu müəyyənləşdirməkdir", -  prezident deyib.

Onun sözlərinə görə, üçtərəfli görüşdə davamlı sülhə nail olmaq üçün İstanbul taxıl razılaşması ilə bağlı müsbət atmosferdən istifadə olunması nəzərdən keçirilib.

Lakin Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi Farhan Hak Lvovda bugünkü danışıqların yekunları ilə əlaqədar qeyd edib ki, Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı Kiyev və Moskva arasında danışıqlara hələ çox var.

Bu yaxınlarda prezident Zelenski bildirib ki, Rusiya ilə danışıqlar dialoq deyil, Rusiya tərəfindən ultimatumdur, işğal olunmuş ərazilərdə "referendumlar" keçiriləcəyi təqdirdə isə Ukrayna ilə danışıqlar Moskva üçün qapanacaq.

Ötən gün Potoçki sarayında (Lvov) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna prezidenti Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreşin iştirakı ilə üçtərəfli formatda görüş keçirilib. Görüş mətbuat üçün qapalı rejimdə keçirilib və 40 dəqiqə davam edib.

Görüşdə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan və prezidentin mətbuat katibi İbrahim Kalın iştirak ediblər.

Görüşdə Ukrayna-Rusiya müharibəsinə diplomatik yolla son qoyulması üçün atılacaq addımların müzakirə ediləcəyi bildirilmişdi.

Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun