Avropa Məhkəməsi Azərbaycanı 3 iş üzrə cərimələyib

Avropa Məhkəməsi Azərbaycanı 3 iş üzrə cərimələyib
1 Sentyabr 2022
Mətni dəyiş

Sentyabrın 1-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş şikayətlər üzrə 4 yeni qərarını elan edib. 

Məhkəmə 3 işdə pozuntu iddialarını tanıyıb, 1 işdə ərizəni qəbul edilməz sayıb. 
 
Yadigar Sadıqlı Azərbaycana qarşı 
 
Bu iş hadisələrin baş verdiyi vaxt müxalif Müsavat Partiyasının başqanının müşaviri olan Yadigar Sadıqlının Lənkəran şəhərində təxribata məruz qalması olayı ilə bağlı idi. 

Avropa Məhkəməsi məhkəməyə qədər həbsin qanunsuzluğu mübahisələndirilən bu işdə iddia olunan pozuntunu tanıyıb. 

Qərara görə, milli məhkəmələr Y.Sadıqlıya münasibətdə Konvensiyanın 5.3-cü maddəsinin pozuntusuna yol veriblər. Hökumət ərizəçiyə 3500 avro təzminat ödəməlidir. 
 
Xatirə Quliyeva Azərbaycana qarşı 

Bu iş ərizəçinin xırda xuliqanlıqda və polisin qanuni tələbinə əməl etməməkdə günahlandırılması, inzibati məsuliyyətə cəlb olunması ilə bağlı idi. 

Avropa Məhkəməsi ərizəçinin iddialarını əsaslı sayıb, oan münasibətdə Konvensiyanın 5.1-ci maddəsinin pozuntusunu tanıyıb. 

Məhkəmə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddialarını araşdırmağa lüzum görməyib. 

Qərara əsasən, ərizəçiyə 3500 avro təminat ödəniləcək. 
 
Rafiq Səfərov Azərbaycana qarşı 

Bu işin faktlarına görə, ərizəçi Rafiq Səfərov 2009-cu ildə Azərbaycan tarixinə dair kitabını nəşr etdirmişdi. 

Məhkəmə mübahisəsi həmin kitabın ərizəçinin icazəsi olmadan, ona hər hansı qonorar ödənilmədən çoxaldılması və onlayn qaydada yayılması ilə müəllif hüquqlarının pozulması iddiaları ilə bağlıydı. 

Bu işdə AİHM Ərizəçinin mülkiyyət hüququna müdaxilənin baş verdiyinə qərar verib. Qərara görə, hökumət ərizəçiyə 5000 avro təzminat ödəməlidir. 
 
Rəşid Rəhimov Azərbaycana qarşı 

Bu iş ərizəçiyə məxsus mülkiyyətin sökülməsi mübahisəsi ilə bağlı idi. Ərizəçi iddia edirdi ki, ona münasibətdə mülkiyyət, şəxsi həyata hörmət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu baş verib. 

AİHM bu şikayəti qəbul edilməz elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun