Blinken Ermənistan və Azərbaycanı sülh danışıqlarına qayıtmağa çağırıb
ABŞ dövlət katibi Entoni Blinken bazar ertəsi Nyu-Yorkda Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşüb. “Reuters” xəbər verir ki, bu, son qarşıdurmalardan sonra iki tərəf arasında ilk birbaşa danışıqlar olub.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edən Blinken növbəti döyüşlərin qarşısının alınması və sülh danışıqlarına qayıtmağın vacibliyini vurğulayıb, Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında bildirib.
Bazar ertəsi xarici işlər nazirlərini qəbul etməzdən əvvəl çıxış edən Blinken deyib ki, Vaşinqton "döyüşlərin dayandırılması və son bir neçə gün ərzində hər hansı əlavə hərbi əməliyyatın olmaması faktından sevinclidir".
Ned Prays qeyd edib ki, nazirlər növbəti addımları müzakirə ediblər və dövlət katibi onları ayın sonunda yenidən görüşməyə çağırıb.
Ötən həftə Azərbaycan və Ermənistan iki günlük qarşıdurmadan sonra atəşkəs barədə razılığa gəliblər.
Hər iki tərəfin bir-birini günahlandırdığı döyüşlər 200-dən çox hərbçinin ölümünə səbəb olub.