Ermənistan liderləri Qarabağın müstəqilliyi ideyasından əl çəkmədiklərini deyirlər

Ermənistan liderləri Qarabağın müstəqilliyi ideyasından əl çəkmədiklərini deyirlər
2 Sentyabr 2022
Mətni dəyiş

 1991-ci il sentyabrın 2-də erməni separatçılar Dağlıq Qarabağın müstəqilliyini elan ediblər və Azərbaycanın Şaumyan rayonunu da ona "birləşdiriblər".

Bu gün, bu hadisələrin 31-ci ildönümündə Ermənistan baş naziri Paşinyan geniş bəyanat yayaraq, bu hərəkətlərə bəraət qazandırıb. O, bu qərarı "Arsax ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiəsinin zəmanəti" adlandırıb.

"Arsax ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri və müvafiq olaraq Dağlıq Qarabağın statusu məsələsi həll olunmadan Dağlıq Qarabağın ərazi vahidi olaraq mövcud olmaması və Dağlıq Qarabağ probleminin həlli haqqında heç bir bəyanat əhəmiyyət kəsb etmir. Bu məsələnin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri beynəlxalq ictimaiyyət tərəfindən təsdiq edilmiş və ləğv edilməmiş mandata malikdir", deyə Paşinyan sözünə davam edib.

O, beynəlxalq ictimaiyyəti "Dağlıq Qarabağda etnik təmizləmələrə" imkan verməməyə çağırıb və "dinc, sivil yollarla" Qarabağ əhalisinin təhlükəsizliyini təmin etməyi vəd edib.

Öz növbəsində, Qarabağ separatçılarının lideri Araik Arutyunyan öz bəyanatında 2 sentyabr 1991-ci ili "tarixi gün" adlandırıb.

"31 il sonra Arsax xalqı əminliklə və qətiyyətlə bildirir ki, zamanın bütün sınaqlarına baxmayaraq, o, öz qərarına, seçdiyi dönməz yola sadiqdir. Arsax möhkəm dayanmalı, ermənilərə məxsus olaraq qalmalı və öz müstəqillik yolunu davam etdirməlidir", deyə o bildirib.

Bu bəyanatlar mahiyyətcə bir gün əvvəl Brüsseldə aparılan Əliyev-Paşinyan danışıqlarının məznununa ziddir. Bu görüşün əsas nəticəsi Ermənistan tərəfə Qarabağın müstəqilliyi ideyasından əl çəkmək və İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etmək çağırışı olub. 

(Turan)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun