Göyçay Rayon Uşaq Musiqi Məktəbinin müəllimlərinin yeni təyin olunmuş direktoru məktəbə buraxmadığı bildirilir.
Bu barədə APA məlumat yayıb.
Bildirilir ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov direktor Rövşən Zamanovu işdən azad edərək yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimi Günay Hacıyevanı təyin edib.
Musiqi məktəbinin kollektivinin toplaşaraq yeni təyinata qarşı etiraz etdiyi bildirilir.
Sentyabrın 1-də Göyçay Rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimələr etiraz edərək onu məktəbdən qovublar.
Onlar bildiriblər ki, yeni təyin olunan direktor Günay Hacıyeva Şəki Musiqi Kollecini bitirib:
“Onun idarəetmə bacarığı aşağı səviyyədədir. Göyçay Uşaq Musiqi Məktəbində uzun illər fəaliyyət göstərən ali təhsilli musiqi müəllimləri çalışır, onların kifayət qədər idarəetmə bacarığı var”.
Etirazçı müəllimlər kollektiv içərisindən ali təhsilli bir nəfərin seçilərək məktəb direktoru təyin olunmasını istəyirlər.
Məsələ ilə bağlı Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbəri Səxavət Məmmədov bildirib ki, təxminən 20 il iş təcrübəsi olan Günay Hacıyeva onun əmri ilə Göyçay Uşaq Musiqi Məktəbinə direktor təyin olunub.
O, avqustun 31-də kollektivə təqdim edilib.
Səxavət Məmmədov regional idarənin nümayəndələrindən ibarət komissiyanın hazırda həmin məktəbə göndərildiyini, məsələnin araşdırılacağını, günün ikinci yarısında isə özü də məktəbə gedərək kollektivlə yenidən görüşəcəyini bildirib.