İctimai fəallar qərardan apelyasiya şikayəti verəcəklər
Heyvanların hüquqlarını müdafiə edən dörd ictimai fəal “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi haqda fikirlərinə görə cəzalandırılıb.
Meydan TV xəbər verir ki, sentyabrın 27-də Xətai Rayon Məhkəməsinin çıxardığı hökmə əsasən, ictimai fəallar Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. İlhamə Nəsirova və Elxan Mirzəyevin hər biri 1000, Aynur Babazadə 1500, Nicat İsmayılov isə 2000 manat cərimə cəzasına məhkum edilib.
Bundan başqa, onların üzərinə mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi də qoyulub. Aynur Babazadə və Nicat İsmayılov 1000, İlhamə Nəsirova 700, Elxan Mirzəyev isə 500 manat təzminat ödəməlidir.
Xüsusi ittiham qaydasında iddia qaldırıb, gənc fəallara Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrilə yuxarı həddə cəza verilməsini tələb edən iki xüsusi ittihamçı – Günel Musayeva və Cəlal Mikayılov “Toplan”ın baytar-həkimləridir. Onlar həm də 100 min manatlıq mülki iddia qaldıraraq adları çəkilən ictimai fəalların sosial şəbəkələrdə yazdıqları nəticəsində şərəf və ləyaqətləri ləkələndiyini, nüfuzlarına zərbə dəydiyini iddia edirdilər.
Təqsirləndirilən ictimai fəallar məhkəmə iddiasının qərəzli və sifarişli olduğunu bildiriblər. Onlar heyvan haqlarının müdafiəsilə bağlı fəaliyyətlərinə, “Toplan”da itlərə qarşı amansız rəftarla bağlı məsələləri ictimailəşdirdiklərinə, etiraz etdiklərinə görə cəzalandırıldıqlarını hesab edirlər.
Fəallar 2021-ci ilin iyulunda “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin qarşısında etiraz aksiyası keçirərək, mərkəzin fəaliyyətinin ictimaiyyətə açıq olmasını və orada saxlanılan sahibiz itlərin nümayiş etdirilməsini tələb etmişdilər.
Cəzalandırılan ictimai fəallardan Nicat İsmayılov bildirib ki, hökmdən apelyasiya şikayəti verəcəklər.
Heyvansevərlərin hüquqlarını müdafiə edən vəkil Zibeydə Sadıqova bildirib ki, Mərkəzin baytar-həkimi o qurum haqda yazılanlara görə məhkəmədə iddia qaldıra bilməzdi. “Toplan” haqda yazılara görə Mərkəzin rəhbəri şikayətçi ola bilərdi:
“Onlar adi işçilərdir, birbaşa özlərinə aid məsələ olsa, o halda, şikayətçi ola bilərdilər”.
“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılıb.