Əhməd Məmmədli ictimai yerdə ünvansız söyüş söyməkdə və polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılıb
“O, mədəni adamdır, söyüş söyən deyil. Ancaq qərarda göstərilib ki, guya o söyüş söyüb, polisin qanuni əmrinə tabe olmayıb”
Vəkil Zibeydə Sadıqova sentyabrın 23-də Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Müvəqqəti Saxlanma Məntəqəsində “Demokratiya 18” hərəkatının sədri Əhməd Məmmədli ilə görüşüb.
AbzasMedia-ya bu barədə danışan vəkil bildirib ki, Əhməd Məmmədli aclığı dayandırıb.
Onun sözlərinə görə, buna səbəb gəncin səhhətinin pisləşməsidir.
“Dedi ki, dünən halı pisləşib, təzyiqi oynayıb. Həkimlər də məsləhət bilib ki, aclığı dayandırsın, çünki onun mədəsində də problemlər olub. Özü yaxşı idi, gümrah idi” - deyə Zibeydə Sadıqova bildirib.
Vəkil deyib ki, Məmmədlinin həbsi ilə bağlı apelyasiya şikayəti veriblər və ehtimal edirlər ki, sentyabrın 26-sı və ya 27-si Bakı Apelyasiya Məhkəməsində işə baxılacaq.
Onun sözlərinə görə, Əhməd Məmmədli bu ay Türkiyəyə getməli və magistratura təhsilinə başlamalı idi.
“Əhməd Məmmədli Türkiyənin 19 Mayıs Universitetinin Dövlət və Bələdiyyə İdarəetməsi fakulitəsinə qəbul almışdı. Ayın 30-u Türkiyəyə getməli idi ki, sənədlərini təqdim edib təhsilinə başlasın. Magistratura təhsili alacaqdı. İndi biz məhkəməyə bəraət üçün müraciət edəcəyik, ancaq bəraət olacağına heç inanmıram. Sadecə ümid edirik ki, ya həbsin günlərini azaldarlar və ya sərbəst buraxarlar ki, təhsilinə başlasın” – deyə o bildirib.
Vəkilin sözlərinə görə, hərəkat sədrinə ailəsi ilə görüş və telefon danışığına da icazə verilmir.
“Ailəsi ilə görüşə bilməyib. Orda da bildirdilər ki, pandemiya ilə əlaqədar heç kimə görüş verilmir. Artıq 4 gündür ailəsilə telefonla da danışa bilmir. Dedi ki, hələ icazə yoxdur. Ancaq mən israr etdim ki, telefon məsələsini həll etsin və ailəsilə danışsın, çünki valideyinləri çox narahatdır” – deyə Əhməd Məmmədlinin vəkili Zibeydə Sadıqova bildirib.
“Demokratiya 18” hərəkatının sədri Əhməd Məmmədlini sentyabrın 20-də mülki geyimli polislər saxlayıb. O, polisə müqavimətdə ittiham olunub və Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 gün azadlıqdan məhrum edilib. Məmmədli isə ittihamlarla razılaşmır və ölkə prezidenti İlham Əliyevi tənqid edən fikirləri paylaşdığına görə şərlənərək həbs edildiyini bildirir.