Şirkətlər gediş haqqı üçün təklif etdikləri qiyməti açıqlamayıblar
Sərnişindaşıma sahəsində işləyən bütün şirkətlər Tarif Şurasına birgə müraciət göndəriblər.
“Xaliq Faiqoğlu” MMC-nin mətbuat katibi Nizam Rzayev AbzasMedia-ya bildirib ki, onlar Tarif Şurasından avtobusda gediş haqqının artırılmasını istəyiblər. Onlar gediş haqqı üçün təklif etdikləri qiyməti açıqlamayıblar.
Sərnişindaşıma şirkətləri avtobusların ehtiyat hissələrinin 50 faiz, dizel yanacağının qiymətinin 33% artdığını əsas gətirərək qiymət artımını istədiklərini bildiriblər.
Müraciətdə qeyd olunub ki, son 3 il ərzində pandemiya əhalinin sosial-iqtisadi aktivliyinin düşməsinə və sərnişin axınının kəskin azalmasına səbəb olub.
Şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödədiklərini qeyd ediblər. Onlar bu faiz rüsumunun azaldılmasını da Tarif Şurasından istəyiblər.
Tarif Şurası sonuncu dəfə 2018-ci ildə ictimai nəqliyyatda qiymətləri qaldırıb.