Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin cəzası yenidən artırıla bilər. O, yenidən istintaqa cəlb olunub.
Bildirilir ki, bu dəfə Əli Əliyev Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada saxlanılan dustağa xəsarət yetirməkdə ittiham olunur.
Bu məsələ ilə bağlı araşdırmalar Sabunçu Rayon Polis İdarəsində aparılır.
Əli Əliyev sözügedən dustağın dedikləri əsasında artıq şahid qismində dindirilib.
VİP sədri ünvanına səslənən ittihamların yalan olduğunu, qarşı tərəfin özünə xəsarət yetirdiyini və baş verənlərin həbsdə saxlanma müddətini artırmaq üçün ona qarşı təxribat məqsədi daşıdığını deyib.
Əli Əliyevin yaxınlarının bildirdiyinə görə, on gün idi ki, vəkili və ailə üzvləri onunla görüşə bilmirdi: “Tam təcrid olunmuş vəziyyətdə saxlanılırdı. Şübhələnirdik ki, nəsə var. Nəhayət, dünən (avqustun 31-də) vəkil görüşə bilib və gizlədilməsinin səbəbi məlum olub. Adam özü özünə xəsarət yetirib, “məni Əli Əliyev vurdu” deyirsə, məqsəd məlumdur”.
Yaxınları ehtimal edir ki, ekspertizadan xəsarət dərəcəsilə bağlı rəy alıb, ona uyğun maddə ilə Əli Əliyevə qarşı yeni ittiham irəli sürüləcək.
“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov da Əli Əliyev ətrafında baş verənlər haqda müəyyən qədər məlumatlı olduğunu, məsələni diqqətdə saxladıqlarını bildirib.
“Hələ ki, şahid qismində dindirilib. Əgər tələb olunan şərtlərə əməl eləməsə, xüsusilə, dövlət başçısı İlham Əliyevə yalvarış dolu müraciət ünvanlayıb, “peşmançılığını” bildirməsə, təqsirləndirilən şəxs qismində tanınacaq. Qanunsuz əsaslarla ibtidai istintaq aparılacaq, məhkəmə keçiriləcək və heç şübhəsiz, cəza müddətinə daha bir neçə il əlavə ediləcək.
Bu, müasir Azərbaycan tarixində bənzəri olmayan təcrübədir – partiya sədri 9 ay ərzində 4-cü dəfə mühakimə olunur. Görünür, Əli Əliyevi nəyin bahasına olursa olsun, sındırmağı qarşılarına məqsəd qoyublar”.
2022-ci ilin yanvarından iyununa qədər Əli Əliyevə üç dəfə hökm oxunub. VİP sədri birinci dəfə yanvarın 13-də Yasamal Rayon Məhkəməsinin hökmüylə məhkum edilib. Ona Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsilə 5 ay həbs cəzası verilib. Bir müddət sonra DSX-nın başqa bir zabiti Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb.
Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan bu iki nəfərin hadisə vaxtı vertolyotda olmasına inanmadığını deyib. Buna görə həmin şəxslər ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.
“Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, 1000 dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz. Mən həkiməm. Uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olmuş Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə, alətdi. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”, – Əli Əliyev bildirib.
Bu il iyunun 23-də isə cəzası daha 6 ay uzadılıb. Bu dəfəki hökm Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.
Ramiz Göyüşovun 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə intim videosu yayılandan sonra o, YAP-dan kənarlaşdırılıb.
Ramiz Göyüşov iddia ərizəsində partiya sədrinin “Bumerang” internet televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərlə onu təhqir etdiyini iddia edib. O, xüsusən VİP sədrinin onun haqqında işlətdiyi “mastrubant” ifadəsini özünə təhqir hesab edir.
Əli Əliyev son sözündə deyib ki, bu ifadə tibbi termindir, təhqir sayıla bilməz.
Buna baxmayaraq, məhkəmə VİP sədrini təqsirli bilib və həbsdə saxlanma müddəti 2023-cü ilin yanvarına qədər uzadılıb.
(Meydan Tv)