Ölkədə matəm elan olunması tələbinə deputatlar cavab verib
Sentyabrın 12-dən sonra başlayan hərbi əməliyyatlarda Azərbaycan 50 hərbiçisini itirib. Nazirliyin məlumatından sonra sosial şəbəkələrdə vətəndaşlar matəm elan olunması ilə bağlı tələblər ediblər. Bəzi siyasətçilər də bu tələbə qoşulub.
Bəs matəm hansı hallarda elan olunur?
Azərbaycan Konstitusiyasında hansı hallarda ölkə ərazisində matəm elan olunması ilə bağlı məsələ öz əksini tapmayıb. Matəmlə bağlı qərarı yalnız prezident verə bilər.
Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Elman Nəsirov AbzasMedia-ya açıqlamasında “Matəm o vaxt elan olunur ki, ordu məğlub olur, ancaq Azərbaycan qalib gələn tərəfdir”- deyib. "Düzdür, biz itkilər vermişik. Ancaq sosial şəbəkələrin Ermənistan seqmentini izləsəniz, görərsiniz ki, onların itkiləri hətta 300 nəfərə qədərdir. Ermənistan hökuməti bunu gizlədir. Buna ikinci qisas əməliyyatı da demək olar.
Biz məğlub tərəf deyilik, praktikada da görmüşük ki, adətən matəmi məğlub tərəf edir. Bütün hallarda bu səlahiyyət dövlət başçısının səlahiyyətidir və o real vəziyyəti hər kəsdən yaxşı bilir" - deyə Elman Nəsirov bildirib.
Millət vəkili Jalə Əliyeva da deyir ki, matəm elan etmək dövlət başçısının səlahiyyətində olan məsələdir. Onun sözlərinə görə, 44 günlük müharibədən sonra da matəm elan edilmədi:
“Bunun səbəbi odur ki, biz torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan insanları torpağa verirdik. Şəhidlər ölmürlər, onlar sağdırlar və hər zaman yanımızdadırlar. Ancaq təbii ki, bu hər birimizin yarasıdır, dərdidir. Matəm qərarı verilsə də, verilməsə də bunun bir haqlı səbəbi olacaq. Müharibənin öz şərtləri və öz dili var"- deyə millət vəkili Jalə Əliyeva bildirib.
Azərbaycanda sonuncu dəfə 2015-ci ildə “Günəşli” yatağında baş verən yanğından sonra bir günlük matəm elan olunub. Yanğın nəticəsində 1 nəfər həlak olub, 30 nəfər itkin düşüb.