Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi olmuş Rəşad Məlikzadə həbs edilib
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaq nəticəsində 2022-ci ilin fevralından Müdafiə Nazirliyi sistemindəki yeyintilərlə bağlı daha bir nəfər həbs olunub.
Meydan TV-nin məlumatına görə, ordunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi olmuş Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə və ya israfetmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsaitinə baxılıb.
Məhkəmə vəsaiti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İndiyədək bu cinayət işi üzrə həbs olunanlar arasında Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov, Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisləri Məlikməmməd Qurbanov və Mahir Şirvanov, Maliyyə İdarəsinin rəisi, polkovnik Rəfael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov, Vüsal Əlizadə və digərləri vardı.
Bu cinayət işi üzrə 100 milyonlarla manatlıq yeyintidən söhbət gedir.