Onların travmaları əsasən qorxu, həyəcan, əl tərləmələri və kəkələmə ilə müşahidə olunur
“Bərdənin özünə həmin gün iki dəfə mərmi düşdü. Özüm orda olduğumdan yaxınlığımızda partlayan mərmidən stress keçirdim. Bütün fikrim bu idi ki, mənim kimi böyük insana təsir edən bu səs kütləsi azyaşlılarda mütləq qorxu, stress yaradacaq".
Sosial Teatr təmsilçisi, Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi Aynur Zərrintac deyir ki, II Qarabağ Müharibəsi başlayan kimi sosial işçi heyəti ilə birlikdə döyüş əməliyyatlarına yaxın bölgə olan Bərdəyə gediblər. Elə həmin gün Bərdəyə iki mərmi düşüb. Ancaq onlar mülki əhalinin ehtiyaclarını öyrənməyə davam ediblər.
“Demək olar ki, Azərbaycanın hər rayonundan qapısı döyülməyən ev qalmadı. Şəhid xəbəri alan evlərin balaca sakinləri ağlımızda idi. Biz səbəbləri fərqli olsa da, azyaşlarından yaxınlarını itirən uşaqlara pedoqoq, incəsənət adamları olaraq necə kömək edə bilərdik? Post-travma dövründə görüləcək çox iş olacaqdı”.
Müharibədən sonra Aynur və komandası qərara gəlir ki, uşaqların travmalarını üzə çıxarmaq üçün onlara iş dəftəri hazırlasınlar. İş dəftərində olan çalışmaları həll etdikcə pedaqoqlar müharibənin uşaqlarda buraxdığı izləri müəyyən edirlər. Aynur Zərrintac deyir ki, itkilər, ağrılar, evdə yüksək səslə ağlaşmalar uşaqlarda çox böyük təsir yaradıb və bu da onların özünə qapanmasına, aqressiyalarının artmasına səbəb olub. Onun sözlərinə görə, uşaqlar hər şeyə çox həssas yanaşırlar və bütün hadisələr, itkilər, uğurlar onların uşaqlığına elə güclü təsir göstərir ki, böyüdükdə uşaqlıqda yaşadıqları onların şəxsiyyət kimi formalaşmasına təsir edir.
“Əsas mövzu konfliktin həlli idi. Uşaqlarla qeyri-formal təhsil metodikası əsasında individual çalışma ənənəsinin tətbiqi bizdə indi-indi formalaşır və çox da yayğın deyil. Düşündük, elə bir iş dəftəri hazırlayaq ki, həm müəllimə sinifdə işləmək üçün maraqlı olsun, həm də uşaq onu işləməyə həvəs göstərsin. Və uşaq tərəfdən baxdıqda fikirləşdik ki, bu iş dəftəri elə çalışmalardan ibarət olmalıdır ki, uşaq bunu həm fərdi şəkildə işləyəndə darıxmasın və nəsə öyrənsin, həm də qrup şəklində işləyə bilsinlər".
Şəfa Psixoloji-Sosial Yardım İctimai Birliyinin rəhbəri Xəlil Süleymanov da müharibədən əziyyət çəkən uşaqlarla bağlı proqram həyata keçirir.
X. Süleymanov deyir ki, Beyləqan ərazisində Füzuli və Xocavənd sakinləri üçün salınan qəsəbələrdə yaşayan uşaqlarla işləyirlər. Onlar müharibədən əziyyət çəkmiş ailələr ziyarət edib psixoloji dəstəyə ehtiyacı olan uşaqları qeydiyyata alırlar və onlara təşkilatın psixoloqları sosial-psixoloji yardım göstərir.
“Bizim proqram ümumilikdə 60 uşağı əhatə edir. Onların travmaları əsasən qorxu, həyəcan, əl tərləmələri və kəkələmə ilə müşahidə olunur. Onlar təkcə müharibənin başlayacağından qorxmurlar. Bəzi azyaşlıların ataları müharibədə iştirak edib və indi də hərbiçidir, uşaqlar çox qorxurlar ki, onlara nəsə olar”. Xəlil Süleymanov deyir ki, layihə bitdikdən sonra da bu fəaliyyət könüllü olaraq davam etdiriləcək.
II Qarabağ Müharibəsi dövründə Naftalana, Gəncəyə və Bərdəyə düşən mərmilər nəticəsində 1 körpə, 11 uşaq həlak olub, 14 körpə, 36 uşaq yaralanıb.