Həbsdə olan general Nizami Şirinovun özünün və yaxınlarının adına olan əmlakların müsadirə olunması istənilib
Sentyabrın 28-də Bakı Hərbi Məhkəməsində prokuror çıxış edərək keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general Nizami Şirinov və nazirlikdə onun tabeliyində işləmiş Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirova cəza istəyib.
Meydan TV-nin yaydığı məlumata görə prokuror Nizami Şirinovun 12 il azadlıqdan məhrum edilməsini və ondan general rütbəsinin alınmasını təklif edib. Həmçinin onun və yaxınlarının adına olan əmlakların müsadirə olunmasını da istəyib.
Dövlət ittihamçısı digər təqsirləndirilən şəxslərdən Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin nəzdindəki idarənin rəisi olmuş Elcan Abdullayev və əməliyyat müvəkkili Nadir Nəzirovun hər birinə 11 il həbs cəzası verilməsini istəyib. Daha bir sabiq idarə rəisi Elman Tahirovun barəsindəki cinayət işinə isə xitam verilməsi təklif edilib. Prokuror bildirib ki, Elman Tahirova verilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib.
Elman Tahirov hazırda “Azərsu”da məxfi şöbənin rəisidir.
General Nizami Şirinov istisna olmaqla, digər təqsirləndirilən şəxslər həbsdə deyil.
Prokuror Elcan Abdullayev və Nadir Nəzirovun məhkəmə zalından həbs olunmasını istəyib.
Adları çəkilən şəxslərin işinə bir ildir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyilə baxılır. Növbəti məhkəmə iclasında vəkillər çıxış edəcək, sabiq MTN-çilər son sözlərini deyəcək.
General və tabeliyində işləmiş sabiq idarə rəisləri müxtəlif adamları zorakılığa məruz qalacaqları, barələrində rüsvayedici məlumatların yayılacağı ilə hədələyib, onların külli miqdarda pulunu almaqda, cinayət yoluyla əldə edilən əmlakların leqallaşdırılmasında ittiham olunur.
Amma onlar məhkəmədə ittihama münasibət bildirərkən deyiblər ki, özlərini təqsirli bilmirlər.