“Dünənə kimi qardaşım acından öləndə bizi ümumiyyətlə it yerinə qoymayan adamlar bu gün mənə ailənin nə olduğundan danışırlar”.
Azərbaycanla Ermənistan arasında baş verən silahlı toqquşma zamanı 12 sentyabrda həlak olan gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırılıb. O, nazirliyin ona təklif etdiyi bir otaqlı mənzildən imtina edib. Bununla bağlı Sənan Əhmədovdan aldığımız müsahibəni sizə təqdim edirik.
-Sizi nazirliyə kim çağırmışdı və nə haqda danışdınız?
- Murad Həşimov çağırmışdı. O, nazirliyin mətbuat katibliyində işləyir. Bilmirdim məni nəyə görə çağırıblar. Çünki başsağlığı adı ilə getmişdim. Gedəndə mənə dedi ki, sizə ev təklif edirik. Dedim, çox sağ olun, ehtiyac yoxdur. Dedi, bir otaqlı ev verəcəyik sizə. Nə isə uzun-uzadı danışdı. Dedim ehtiyac yoxdur, qardaş. Mən kirayədə qalmışam, qalacam da.
-Amma evinizin olması sizin arzunuz idi.
-O hər yetimin arzusudur, hər evsizin arzusudur. Mənim qardaşımın da, mənim də arzum idi. Amma məsələ budur ki, mən “screen”-lər də atmışam, onlara da göstərdim ki, qardaşım yazanda ki, “şəhid olacam, sənə ev verəcəklər”, hələ bunu may ayında deyəndə mən dedim, “başın xarabdır sənin? Neynirəm o evi sən olmayandan sonra?” Bugünkü gündə bəlkə beş-on dəfə çağırıblar, eyni sözü deyirlər ki, “Sən onun ailəsi sayılmırsan”, “Sənə bir otaqlı ev veriləcək əgər istəyirsənsə”. Axır o həddə çatdırdılar ki, dedim ki, yaxşı, tutaq ki, mən bunu qəbul elədim, onu heç olmasa iki otaqlı edin. Özünüz bilirsiniz, insan gələndə kim kimi yataq otağında qəbul etməyi xoşlayar? Ən azından bir otaq, bir də zal olsun. Əgər mənim dövlətim bunu verə bilmirsə, gücü çatmırsa, onda da allah canını sağ eləsin! Mən heç bir şey istəmirəm. Dedim mən sizdən nə maşın istədim, nə pensiya istədim. İstəmərəm. Mən ona baxmaram da. Hətta Fonddan da (red: Heydər Əliyev Fondu) 10. 000 verəndə onu mənim arvadım götürdü. Mən heç onları da istəmədim. Adamı o qədər əzə-əzə qayıdıb deyirlər ki, “Sən onun ailəsi sayılmırsan”, “Sən onun qardaşısan”... Mən dedim, biz sizə 800-dən çox mesaj yazmışıq. İndi gətirib bir otaqlı ev verirsən və qayıdıb deyirsən ki, “Bunu sənə yetimlər evindən çıxanda verirdik”. Dedim, mən bunu sizə 5-6 il bundan qabaq yazmışdım. Mənim qardaşım da, mən də dəfələrlə nazirliyə yazmışıq. Bütün qurumlara yazmışıq ki, köməklik etsinlər.
-Nazirliyə indiyə qədər 800 məktub göndərmişik deyəndə sizə nə cavab verdilər?
-Ancaq söhbəti fırladırlar. Boş şeylər.
-Siz niyə şəhidin ailə üzvü sayılmırsınız? Qardaşısınız. Nə əsas gətirirlər?
-Deyir ki, şəhid ailələrinə verilən ev sizə düşmür. Mən də dedim heç mənə o ev lazım da deyil. Götür, qalsın özündə. Ehtiyacın olsa, gedərsən ora. “Elə danışmayın, qardaş. Həqiqətən biz də istəyərik düşsün, amma qanunən düşmür. Bu evi də sadəcə belə...” Dedim, belə nə? Yazığınız gəldiyi üçün? “Yox, elə deməyək”. Dedim allah canını sağ eləsin! Ona da ehtiyacım yoxdur. Hamı deyir, mən bir otaqlı ev olduğuna görə imtina etdim. Amma məsələ budur ki, deyir “Sənə bu ev də düşmür”. Düşmürsə nəyə görə verirsən? Dedim yazığınız gəldiyi üçün? Dayanıb, bilmir nə desin. Dedim, allah canınızı sağ eləsin! Evə görə məni siz çağırmısınız bura. Mən gəlməmişəm. Mən gələsi olsaydım, ev istəyəsi olsaydım, Mehriban xanımın Fonddan adamları bura gələndə, deyərdim ki, evə ehtiyacım var. İndi necə kirayədə qalıramsa, elə də qalacam.
-Siz evdən imtina etdinizmi?
-Onlar dedi ki, iki otaqlı verə bilmirik.
-Niyə verə bilmirlər? Səbəb olaraq nə dedilər?
-“Çünki sən şahid ailəsi deyilsən”.
-Siz hazırda kirayədə yaşadığınız evdə neçə nəfərsiniz?
-Yeddi nəfər- qaynatam, qaynanam, nənəm, baldızım, həyat yoldaşım və övladım.
Mənə dedilər “Ailən var”, “Onun adını yaşatmalısan”. Mən də onda dedim ki, ailəmlə yatdığım yataq otağında qardaşımı necə yaşadım? Mən onunla küçədə də yaşayaram. Amma kimsə gələndə mən yataq otağında onun medallarını, özünü, hekayəsini, həyatını necə danışım? Ümumiyyətlə dedim ki, belə bir şey çox ayıbdır. Əgər verirsinizsə, heç olmasa iki otaq verin. Birində ən azından qardaşımın əşyalarını qoyum, formasını, şəkillərini asım. Onlar da dedi ki, “Sən ailə sayılmırsan”. Dedim allah canınızı sağ eləsin! Həmin gün mən onsuz da dərman içib intihar eləyəcəkdim. Elyar bəy gəldi, şəhid mayor Vüsalın qardaşı. Onlar gəlib qapını qırıb içəri girməsəydilər, onsuz da mən də getmişdim. Onlar məni qusdurdular.
-Dərman içmişdiniz?
-Hə. Çünki həqiqətən də adama elə sözlər deyirlər ki... Evi mənim qardaşım sağ olanda versəydilər ki, “Yazığımız gəlib sizə, vermişik”, qürurumu sındırıb götürərdim. Amma bugünkü gündə mən də 2 apreldə döyüşmüşəm, qardaşım da iki döyüşdə iştirak edib. Yəni, elə verməkləri adama çox pis təsir edir ki, biz dövlətdən bu vaxtadək heç bir şey götürməmişik, amma dövlətimiz üçün bu qədər şey etmişik. Əlimizdən nə gəlir onu etmişik. Durub indi adama elə minnət edirlər ki...
-İntihara nə vaxt cəhd etmişdiniz?
-Məni çağırıb “Onun ailəsi sayılmırsan” dedilər. Dedilər ki, qanunən ata-anası, həyat yoldaşı, bir də övladı ailəsi sayılır. Dedim, allah canınızı sağ eləsin. Məni dəfələrlə çağırıblar. İlk dəfə bu təklifi mənə edəndə dedim, biz çöldə qalanda sizə yüzlərlə mesaj yazdıq. Sənin polislərin idi ki, biz yatanda “bura cır-cındır yeridir ki” deyib bizi təpiklə qovurdu. İndi gəlib mənə qanundan danışırsan? Bir ananın iki övladını aparıb soyunu qurudanda, bəs qanun buna yol verirdi? Qanun deyir ki, əgər ailədə iki oğlandırsa, onun birini döyüşə apara bilərsən, birini yox. İndi durub mənə qanundan danışırsan? Bir övladlı ananın nəslini qurutdun. Döyüşə getdi. O, qanun idi? Dedim bəzi şeylərə qanunla, bəzi şeylərə vicdanla qərar verilməlidir. Mən onlara da dedim ki, heç nə istəmirəm. Məni çağırmayın. 5 dəqiqədən bir məni çağırıb yormayın. O üz-bu üzə daşımayın. Gəlib mənimlə baş sağlığı adı ilə görüşüb, aparmayın.
-Sizi baş sağlığı vermək adı ilə başqa hansı idarə çağırmışdı? Hansı ki, gedib başqa mənzərə görmüşdünüz orada.
-Bu barədə məlumat verə bilmərəm. Üzrlü sayın.
-Yəqin bilirsiniz nəyi nəzərdə tuturam?
-Bilirəm. Ona görə deyirəm.
-Sizi ora da baş sağlığı vermək adı ilə aparmışdılar?
-Bəli.
-Hazırda ev məsələsi ilə bağlı ümumi tələbiniz nədən ibarətdir?
-Heç nə istəmirəm. Sadəcə durub orda “Sən onun qardaşısan, ailəsi deyilsən” deməsinlər. Qardaş ailə deməkdir də. Bunlar nəyi nəzərdə tuturlar, bilmirəm. Amma allah canlarını sağ eləsin! Heç nə istəmirəm. Heç bir şeylərini. Məndən uzaq, allaha yaxın. İmkan versinlər yaşayım. İmkan versinlər heç olmasa rahat ölə bilək. Bu, birbaşa təhqirdir. Adamı da incidən budur. Dünənə kimi qardaşım acından öləndə bizi ümumiyyətlə it yerinə qoymayan adamlar bu gün mənə ailənin nə olduğundan danışırlar. Bu, adama həqiqətən yer eləyir. Siz ailənin nə demək olduğunu bilirsiniz ki? Azərbaycan xalqı deyirlər bir ailədir. Onda de ki, qanunla Azərbaycan xalqı ailə filan deyil. Bu gün deyirlər ki, Azərbaycan xalqı Səbuhinin anası, bacısıdır. De ki, qanunla elə bir şey yoxdur. Bunların hamısı sözlərdir. Mən qardaşımın üstündə gecələr tək qalanda nə 10 milyonluq adam gördüm, nə başqa bir şey.
Mən gedib könüllü də yazılmışam. Hardasa 10 gün bundan qabaq. Mənim qardaşımın 3 mərasimində gedib könüllü yazılmışdım. Heç kimin də bundan xəbəri yoxdur.
-Niyə? Özünüz deyirsiniz ki, qardaşımla döyüşlərdə iştirak etmişik və qiymət vermədilər.
-Vətənimi, xalqımı qorumaq üçün. Orda olanlar üçün, şəhid anaları üçün gedirəm. Nə dövlətim üçün, nə bir başqa şey üçün. Çünki mənim qardaşımın həmişə gülə-gülə dediyi bir söz var idi. O deyirdi ki, bu neçə ildir torpağımı qorumuşam, torpaq üçün döyüşmüşəm, amma bu torpaqdan götürüb bir sot vermədilər bizə. Həmişə də deyib gülürdük. Biz əgər istəyən olsaydıq, o medalları taxıb biz də qazilər kimi nəsə istəyərdik. Mənim qardaşım da, mən də medalları taxmağa utanırdıq.
-Niyə utanırdınız?
-45 qazi etiraz edirdi, özü də qardaşım 45-ni də tanıyırdı. Kimisini polis tutub aparırdı, kimisi özü özünü yandırırdı. Biz bunları sosial şəbəkələrdə görürdük baxıb, dəhşətə gəlirdik. Qardaşımla qorxa-qorxa qalmışdık ki, birdən onu, ya da məni işdən çıxararlar, ac qalarıq. Bizim itirəcəyimiz şeylər var idi. Əvvəlki situasiyada deyildik ki, çıxaq gedək küçədə qalaq. Mənim həyat yoldaşım var idi. Səbuhi də bankdan kredit götürmüşdü. Uşağım var idi. Qardaşım deyirdi ki, ən azından onlara görə... Özünüz yaxşı bilirsiniz ki, nəyə görə çıxmaq olmurdu.
-Hara çıxmağı nəzərdə tutursunuz?
-Qardaşıma deyəndə ki, “komandir, gəl etiraz edək”, o deyirdi ki, “mənlik deyil. Biz özümüz işləyib nə vaxtsa ev alacağıq”. Oldu, olmadı, o da deyirdi ki, bizim bir-birimizdən başqa heç kimimiz yoxdur. Evə də ehtiyacımız yoxdur. Özümüz işləyib özümüz alacağıq. Kiminsə minnəti lazım deyil.
-İndi qardaşınızla arzuladığınız o ev yenə də sizin ailə üçün xəyal olaraq qalır?
-Qardaşım gedəndən sonra ona "ev" qismət olub. Düzdür balacadır, amma ən rahat yerdir. Mənim də bundan sonra evə ehtiyacım yoxdur. Sadəcə gözləyirəm.