“Əgər əvvəl 1300 dollara bir ton kağız alınırdısa, indi bu, 2000 dollara gəlib çıxır"
Azərbaycanda kağız məhsulları gündən-günə bahalaşır. İqtisadçı ekspert Fərid Mehralızadə deyir ki, 2022-ci il ərzində A4 kağızının qiyməti 103 faiz bahalaşıb. Onun sözlərinə görə, bir qutusu 6,15 AZN olan kağızın qiyməti indi 12.50 AZN-dır. Bəs görəsən, bu qiymət artımı mətbəələrə necə təsir edib?
"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyir ki, dəftərxana ləvazimatlarını əsasən kağız təşkil edir. Kağızda qiymət artırsa, avtomatik olaraq dəftərxana ləvazimatlarında da qiymət artır.
“Əgər əvvəl 1300 dollara bir ton kağız alınırdısa, indi bu, 2000 dollara gəlib çıxır. Bu məhsullar ƏDV-dən azad olunduqdan sonra, biz qiymətin azalmasının ləzzətini ala bilmədik, dərhal kağız qiymətləri artdı. Eyni zamanda, loqistika qiymətləri də artıb” – deyə Şahbaz Xuduoğlu bildirib.
Nəşriyyat rəhbəri deyir ki, hələ kağızın 15 faizlik gömrük rüsumu da var:
“Məsələn, bir ton kağızı 1000 dollara alırıqsa, onun 15 faizi gömrük rüsumudur. Bizim üzərimizə bu, 1150 dollara gəlib çıxır. Qonşu Gürcüstanda və Avropada kağızdan, kitabdan belə rüsum tutulmur. Türkiyədə bu, çox aşağı məbləğdir” – deyə Ş. Xuduoğlu bildirib.
Millət vəkili Aydın Hüseynov deyir ki, kağızın qiymətinin artması dünyada baş verən bahalaşma ilə bağlıdır:
“Əgər ölkədə həmin o kağız məhsulları və ya onların alternativləri varsa, həmin məhsullar təlabatı təmin edirsə, burada artıq yanaşma başqadır. Yox, belə deyilsə və həmin məhsullar ölkə üçün çox zəruridirsə, artıq hökumət burada müəyyən güzəştlər, o cümlədən gömrük güzəştləri edir. İndiki halda mən düşünürəm ki, əgər mətbəələrin təminatı tam təmin olunmursa, güzəştlər olmalıdır. Mən də hesab edirəm ki, buna gedilməlidir” – deyə millət vəkili əlavə edib.
2021-ci ilin dekabrında Vergi Məcəlləsinə edilən dəyişikliklə kağız məhsullarına tətbiq edilən ƏDV ləğv olunub.