“Üzv dövlətlərin məhkəmənin qərarlarına və prosedurlara riayət etməməsi yolverilməzdir”
Avropa Şurası Parlament Assambleyası-nın prezidenti Tini Koks Azərbaycan hökumətini siyasi məhbusları azad etməyə çağırıb.
“Turan” informasiya agentliyi yazır ki, o, oktyabrın 30-da Siyasi Məhbus Günü ilə əlaqədar danışarkən belə deyib:
"1974-cü ilin bu günü SSRİ-də siyasi məhbuslar saxlanılmalarına etiraz əlaməti olaraq ümumi aclıq aksiyası elan etmişdilər.
2023-cü ildə bu gün kifayət qədər əlamətdar olaraq qalır. Avropada hüquq müdafiəçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri, siyasi rəqiblər, jurnalistlər, dindarlar və insan hüquqları, demokratiya, qanunun aliliyinə sadiq olan bir çox digər insanlar həbsdədir. Bu, sadəcə olaraq, yolverilməzdir".
Assambleya üzv dövlətlərə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirmək öhdəliklərini xatırladır:
“Çox sayda qərar yerinə yetirilmir. Bu qərarlar məhz siyasi motivlərlə saxlanılmış şəxslərin azad edilməsini tələb edir. Üzv dövlətlərin məhkəmənin qərarlarına və prosedurlara riayət etməməsi yolverilməzdir. Eyni zamanda, Osman Kavalanı dərhal azad etməyə çağıran 2518 saylı qətnaməmizə də. Biz həmçinin AŞPA-nın 2020 və 2022-ci illərdə Rusiya Federasiyasında və Azərbaycanda siyasi məhbusların vəziyyətini qəti şəkildə pislədiyini xatırlayırıq".
Oktyabrın 30-da İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Toplum TV-nin jurnalistinin siyasi məhbuslarla bağlı sualına cavab olaraq bildirib ki, Azərbaycanda siyasi məhbus yoxdur:
“Siyasi məhbus anlayışı Azərbaycana ziddir. Konkret cinayətlərinə görə saxlanılan şəxslər var”, – deyə, o bildirib.
Oktyabrın 4-də "Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda" İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya 235 nəfər daxildir.
Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib edib.
Siyahıda siyasi məhbuslar 8 qrupa bölünüb: Jurnalistlər və bloqerlər - 6 nəfər, hüquq müdafiəçiləri - 2 nəfər, müxalifət partiyaları və hərəkatların üzvləri – 11 nəfər, Almaniyadan deportasiya olunan siyasi mühacirlər – 5 nəfər, dindarlar – 171 nəfər, Tərtər işi üzrə mühakimə olunanlar – 7 nəfər, Gəncə işi üzrə mühakimə olunanlar - 22 nəfər, ömürlük məhkumlar – 11 nəfər.