Ekspert: “Azərbaycanın su ehtiyatları kifayət qədərdir, qıtlığın səbəbi isə israfçılıqdır ”
“Azərbaycan su qıtlığından ən çox əziyyət çəkən 20 ölkə arasındadır”. Trend-in xəbərinə görə, bu sözləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi Muhammad Nasar Hayat ADA Universitetində və Ümumdünya Qida Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
O, bildirib ki, Azərbaycanda su ehtiyatlarının 70 faizdən çoxu kənd təsərrüfatı üçün istifadə olunur.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə BMT nümayəndəsinin su qıtlığı ilə bağlı fikirlərilə razılaşmır. Ekspert Abzas Media-ya deyir ki, Azərbaycanın su ehtiyatları kifayət qədərdir.
Onun sözlərinə görə, BMT bu məlumatları Azərbaycanın hazırladığı hesabatdan götürüb.
“Ancaq hökumət də bilir ki, Azərbaycanda əvvəllər illik 32 milyard kubmetr su ehtiyatı olub, indi 25 milyard kubmetr su ehtiyatı var. Təxminən 20 faizdən bir az çox azalıb. Bu 25 milyard kubmetr su ehtiyatı ölkənin ehtiyaclarını artıqlaması ilə ödəyir. Bizdə illik 12 milyard kubmetr ətrafında su mənbədən götürülür, bunun da 30 faizi nəql (çatdırılma) zamanı itirilir. Səbəb odur ki, kanallar köhnə və keyfiyyətsizdir. Su itkisi həm təbii buxarlanma ilə olur, həm də alt hissədən sızmalarla.
9 milyard kubmetr su ümumi istehlakçılara çatır, istehlakçıların istifadəsi zamanı da onun yarısı israfa gedir. Bu da ona görədir ki, sudan səmərəsiz, selləmə-suvarma üsulu ilə istifadə olunur. Bəzən borularda partlayış olur, böyük həcmdə su itirilir”, – deyə o, bildirib.
V.Məhərrəmli deyir ki, ölkənin illik həm içməli, həm də təsərrüfat üçün su ehtiyacı ümumi mövcud ehtiyatın cəmi beşdə birini təşkil edir.
“Yəni 5 milyard kubmetr su ehtiyacı var, 25 milyard kubmetr isə ehtiyat, tələbatdan 5 dəfə çox.
İsraildə su borular vasitəsilə istehlaçılara ötürülür və sudan damcı-suvarma üsulu ilə istifadə olunur. Bu ölkənin 10 milyona qədər əhalisi var, əhalinin ərzaq məhsullarına olan tələbatını 95 faiz ödəyirlər və cəmi 1.1 milyard kubmetr sudan istifadə edirlər.
Bizdə isə əhalinin sayı 10 milyon göstərilsə də, onların bir hissəsi başqa ölkələrdə yaşayır və ərzaq ehtiyacı cəmi 50 faiz ödənir, amma İsraildən 10 dəfə çox mənbədən su götürürük”, - ekspert deyir.
Onun sözlərinə görə, problemin həlli üçün Melorasiya və Su Agentliyi istehlakçılarla müqavilə imzalamalıdır və dayanıqlı olaraq su ilə təmin etməlidir: “İstehlakçının təsərrüfatına su boru vasitəsilə gətirilməlidir və orada sayğac qurlaşdırılmalıdır. İstehlakçıya bildirilməlidir ki, bundan o tərəfə suyu sən istifadə edirsən, az istifadə etsən, güzəştlər olacaq. Məsləhətdir ki, damcı-suvarmadan istifadə edəsən. Kim israfçılığa yol verərsə, suyun qiymətini bir neçə dəfə artırmaq olar ki, o da gələcəkdə müsair texnologiyalar tətbiq etsin, sudan səmərəli və ucuz istifadə etsin”.
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sektor müdiri Dilqəm Şərifov Abzas Media-nın məsələ ilə bağlı suallarının cavablandırılacağını bildirsə də, sonradan cavab verən olmayıb.
Bu il suvarma mövsümünün gəlişi ilə ölkənin bir çox rayonlarında suyun olmaması ilə bağlı etirazlar başlayıb. Sakinlər bildiriblər ki, su əsasən məmurlara məxsus aqroparklara ötürülür və kəndlilər nəinki təsərrüfatlarına, heç içməyə də su tapmırlar.
Bu cür etirazlardan biri martın 13-də Saatlı rayon Orta Muğan, Çolpı və Xanlar kəndində olub. Yolu bağlayan sakinlər kəndlərdə nə içməli, nə də suvarma suyunun olmadığını bildiriblər. Polis aksiyanı rezin güllə və gözyaşardıcı qazdan istifadə edərək dağıdıb.
3 nəfər kənd sakininə qarşı ümumilikdə 47 sutka inzibati həbs cəzası verilib, iki nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, sakinlər polisə müqavimət göstərdiklərinə görə həbs olunublar. Nazirlik etirazçılara qarşı silahdan istifadə edilmədiyini bildirib.