İctimai fəalların İlham Əliyevi tənqid etdikləri görə saxlanıldıqları bildirilir
Azərbaycanda ictimai-siyasi fəalların ölkə başçısı İlham Əliyevi tənqid etdiklərinə görə saxlanıldıqları bildirilir.
Abzas Media-ya bu barədə onların yaxınları məlumat verib.
Təkcə son 1 ayda Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalovun, ictimai fəal Möhyəddin Orucovun və İlkin Cəlilovun sosial şəbəkələrdə ölkə başçısını tənqid etdikdən qısa müddət sonra saxlanıldıqları bildirilib.
Cəlilov sonradan azadlığa buraxılsa da, Kənan Zeynalov və Möhyəddin Orucov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaq) maddələri ilə 25 və 30 sutka həbs olunublar.
Millət vəkili Elman Nəsirov isə Abzas Media-ya deyir ki, bu şəxslərin ölkə başçısını tənqid etdikləri üçün həbs olunmaları ilə bağlı deyilənlər "yalan və iftiradır".
O bildirib ki, Azərbaycanda heç kim siyasi baxışına və mövqeyinə, ölkə prezidentini tənqid etdiyinə görə həbs oluna bilməz:
“Biz demokratik inkişaf yolunu seçmiş dövlətik. Nəinki tənqid etmək, biz bir çox hallarda sosial şəbəkələrdə şəxsiyyətin işgüzar nüfuzuna xələl gətirmək, onu şantaj etmək, təhqir etmək halları ilə qarşılaşırıq. Bu da cinayət məsuliyyəti yaradır. Ona görə düşünürəm ki, Azərbaycanda siyasi məhbuslar söhbəti də bu zəmində yaranır.
Bu, millət vəkillərinə qarşı da olur. Biz onları məhkəməyə versək, həbs olunacaqlar, amma biz bunu etmirik ki, müəyyən dairələrin yaratdıqları qondarma siyasi məhbus siyahısı genişlənməsin. Bu cür şəxslər cinayət yolunu tuturlar və ehtimal edəndə ki, həbs oluna bilərlər, başlayırlar siyasi ritorikalarını kəskinləşdirməyə”, – deyə o, bildirib.
Azərbaycanın da yurisdiksiyasını qəbul etdiyi Avropa Məhkəməsi bir sıra hallarda Azərbaycandan göndərilən işlər üzrə ifadə azadlığı hüququnun pozuntusu hallarını tanıyıb.
E.Nəsirov isə Avropa Məhkəməsinin qərarları ilə bağlı deyir ki, o şəxslərə siyasi məhbus demək olmaz:
“Dünyanın elə bir ölkəsi yoxdur ki, Avropa Məhkəməsi o ölkə ilə bağlı qərar qəbul etməsin. Siz monitorinq aparın, bəlkə də Azərbaycan şikayətlərlə bağlı ən sonuncu yerlərdən birini tutub. Siz beynəlxalq məhkəmələrin qərarlarını da Quran ayəsi kimi qəbul etməyin. Azərbaycanın son lokal hərbi əməliyyatlarda həbs etdiyi müharibə canilərinin azadlığa buraxılması ilə bağlı tələblər artıq Avropa məhkəmələrinin koridorlarında eşidilməkdədir. Biz bu məhkəmələrin yurisdiksiyasını ona görə qəbul edirik ki, Avropanın tərkib hissəsiyik. Bir çox hallarda gözümüz olanları görür, amma nə edək? Dünyadan təcrid olunmuş vəziyyətdə yaşayası deyilik ki?! ”, – deyə o, bildirib.
Hüquqşünas Xalid Ağaliyev deyir ki, Avropa Məhkəməsinin yurisdiksiyası altında olan 47 ölkə var və Azərbaycan bu ölkələr arasında AİHM-ə ən çox şikayət olunan 8-ci ölkədir.
O bildirir ki, prezidenti tənqid etmək qanuni pozuntu olmasa da, onu təhqir etmək cinayət məsuliyyəti yaradır:
“Azərbaycanda prezidenti tənqidə görə hüquqi məsuliyyət yoxdur, ancaq Cinayət Məcəlləsinin 323-cü (Prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma) maddəsi ölkə başçısını təhqir etməyə görə məsuliyyət yaradır. Ancaq indiyə qədər bu maddə ilə ittiham olunan olmayıb. Ola bilər ki, şəxs sosial şəbəkələrdə tənqid yazır, ancaq müxtəlif başqa maddələrlə həbs olunur".
2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Heydər Əliyevin heykəlinə "Qul bayramınz mübarək" yazan, daha sonra həbs olunan Qiyas İbrahimov və Bayram Məmmədovun işi ilə bağlı “ifadə azadlığı” hüququnun pozuntusunu tanıyıb. Bu işlə bağlı Azərbaycan hökuməti 72 min avro cərimələnib.